Qarabağ və Şərqi Zəngəzur layihəsi: Regionun gələcəyinə doğru atılan zəfər addımı ŞƏRH

Qarabağ və Şərqi Zəngəzur layihəsi: Regionun gələcəyinə doğru atılan zəfər addımı ŞƏRH

Prezident İlham Əliyev: “Artıq icra olunmuş iki layihə bütün Azərbaycan əhalisinə və bütün dünyaya göstərir ki, gələcək Qarabağın və Şərqi Zəngəzurun siması necə olacaq”

44 günlük müharibə zamanı Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə işğala son qoydu, regionu separatizmdən təmizlədi, terrorçulara layiq olduqları cəzanı verdi. Beləliklə, dövlətimiz tərəfindən keyfiyyətcə yeni mərhələnin, yeni reallıqlar kontekstində sürətli inkişaf və quruculuq dövrünün təməli atıldı. Ən əsası, Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət, uzun illər ərzində atılmış strateji addımlar qələbəmizi şərtləndirməklə bərabər post-konflikt dövründə Azərbaycanın zəruri həmlələri yerinə yetirə bilməsi üçün dövlətimizin iqtisadi qüdrətini də artırdı.

Odur ki, bu gün bütün dünyanın gözü qarşısında Azərbaycan dövlətinin ortaya qoyduğu qüdrəti, Qarabağda və Şərqi Zəngəzurda ildırımsürətli bərpa və quruculuq işlərinin təməli hələ müharibədən uzun illər əvvəl böyük məharətlə konsepsiya şəklinə salınmış siyasi xəttin təzahürü olaraq qarşımıza çıxdı. Təbii ki, bunlar təsadüf deyil. Çünki Azərbaycan ordusunun döyüş meydanındakı şanlı qələbəsinin də, regionumuzdakı yeni reallıqların da müəllifi eynidir - Ali Baş Komandan İlham Əliyev və onun liderlik keyfiyyətləri, sərkərdəlik fəaliyyəti, diplomatik məharəti, dəqiq hesablanmış strateji və taktiki qərarları.

Əbəs deyil ki, Prezident İlham Əloiyev aprelin 18-də Salyan rayonunda səfərdə olarkən dövlət televiziyasına verdiyi müsahibəsi zamanı bu mühüm məqamları diqqətə çatdırdı. “Artıq icra olunmuş iki layihə bütün Azərbaycan əhalisinə və bütün dünyaya göstərir ki, gələcək Qarabağın və Şərqi Zəngəzurun siması necə olacaq”, deyə qeyd edən ölkə rəhbərimiz bununla daha bir məqamı da diqqətə çatdırdı ki, çox yaxın zamanlarda bu bölgələrimiz dünyanın ən dilbər və cənnətməkan yerlərindən birinə çevrilməsi ilə yanaşı, turuzm və iqtisadi cəhətdən də mühümlüyü ilə seçiləcək.

Beləiklə, əgər bir vaxtlar bir nömrəli hədəf ərazi bütövlüyümüzün bərpası idisə, hazırda bu məqsədə nail olan Azərbaycan dövləti bütün diqqətini Qarabağ və Şərqi Zəngəzurun sürətlə dirçəlməsinə yönəldib. Üstəlik bu addımlar yalnız cari şəraitə uyğun yox, gələcək planlar nəzərə alınmaqla yerinə yetirilir.

Prezident İlham Əliyevin Qarabağa və Şərqi Zəngəzura etdiyi səfərlərinə diqqət yetirsək görərik ki, işğaldan azad edilmiş ərazilər (Tərtərin Suqovuşan və Talış kəndləri, Cəbrayıl, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı) necə sürətlə inkişaf etməkdədirlər. Bundan başqa, Vətən müharibəsi dövründə ciddi dağıntılara məruz qalmış Bərdə və Tərtərin müxtəlif yaşayış məntəqələrində olub. Buna səbəb isə İlham Əliyevin memarı olduğu Qarabağ və Şərqi Zəngəzurun yeni mənzərəsinin formalaşması prosesinə şəxsən nəzarət etməsidir.

Müharibədən sonrakı dövrdə qısa zaman ərzində ölkəmizin imkanları hesabına, dost ölkələrin nüfuzlu şirkətlərini cəlb etməklə bir beynəlxalq hava limanının tikilib istifadəyə verilməsi, yaxın perspektivdə daha iki hava limanının tikintisinin nəzərdə tutulması, işğaldan azad olunmuş əraziləri bir-birinə bağlayan müasir yol-nəqliyyat infrastrukturunun yaradılması, Azərbaycanın əsas hissəsini Naxçıvan və daha sonra qardaş Türkiyə ilə bağlayacaq Zəngəzur dəhlizinin əsasının qoyulması və son nəticədə bölgənin beynəlxalq logistika mərkəzinə çevrilməsi potensialının yaradılması, habelə enerji təminatı məsələlərinin həll edilməsi, ən qabaqcıl texnologiyalar əsasında yaşayış məskənlərinin və istehsal obyektlərinin yaradılması istiqamətində görülən işlər İlham Əliyevin formalaşdırdığı yeni reallığın konturlarını aydın göstərir. Bu reallığın müəllifi olan Prezident İlham Əliyevin post-konflikt dövründə əsas məqsədi işğaldan azad olunmuş əraziləri ən müasir standartlara uyğun bərpa etməklə yanaşı, yaranmış geniş imkanları həm də Azərbaycanın regionda yeni strateji maraqlarının təmin edilməsi üçün səfərbər etməkdir.

Göründüyü kimi İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bu gün işğaldan azad olunmuş ərazilərdə, əslində bütün regionumuzun parlaq gələcəyini çox həssaslıqla inşa edir. Bu işdə dövlət başçısı hər zaman olduğu kimi Azərbaycan dövlətinin maraqlarını və doğma xalqının rifahını özünə rəhbər tutur.

Almaz Həşimova,

YAP Füzuli rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə