Azərbaycanda evlər bahalaşacaq? - DİQQƏT! - ƏMLAK ÜZRƏ EKSPERT AYDINLIQ GƏTİRDİ
"Azərbaycan əmlak bazarında hazırda qardaş ölkədə baş vermiş təbii fəlakətdən (zəlzələdən) dolayı nisbi sakitlik hökm sürür. Bu, həm qardaş ölkədə baş vermiş zəlzələnin olduqca dağıdıcı olması və zəlzələ zamanı həyatını itirmiş bacı- qardaşlarımızın bizə təsirindəndir". Bu sözləri SİA-ya açıqlamasında daşınmaz əmlak üzrə ekspert Anar Nəsirov deyib.
Onun sözlərinə görə, Türkiyə bizə qardaş ölkə olduğu üçün orada həyatını itirmiş insanların hələ də acısını biz də yaşamaqdayıq: "Onun üçün bizim insanlar hələ də şokdan və aldığı psixoloji travmadan çıxmayıblar. Bu səbəbdən də hələ bazarda nisbi sakitlik ömür sürür. Qardaş ölkədə zəlzələ zamanı dağılmış o qədər hündür mərtəbəli binaların olması, alıcılarda bəzi qorxu və şübhələrə səbəb olub. Onlar düşünürlər ki, Allah uzaq etsin, əgər belə bir zəlzələ bizim ölkəmizdə olsa, onda hansı nəticələr verər və bizdə tikilən hündür mərtəbəli binalarda dağıntıya səbəb olar, yoxsa yox".
Anar Nəsirov sözlərinə belə davam edib: "İndi insanları düşündürən başlıca problem məhz budur. Düzdür, bizdə tikilmiş hündür mərtəbəli binaların keyfiyyəti olduqca yaxşıdır. Buna baxmayaraq, bu böyük yıxıcı və dağıdıcı zəlzələ insanlarda psixoloji bir travma yaratdığı üçün onlar ancaq bu barədə düşünürlər.
Hesab edirəm ki, qardaş ölkədə zəlzələnin baş verməsi bizim ölkəmizdə də yeni tikilmiş hündür mərtəbəli binaların satışına təsir edəcək. Çünki bu qorxu hələ insanlarda bir neçə il gedəcək və onlar yeni tikilmiş hündür mərtəbəli bina evlərinə marağı azaldacaq. Belə olan halda alıcılar daha çox həyət evlərinə və həyət evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə üstünlük verəcəklər. Nəticədə, həyət evlərinə tələbat artacaq və həyət evlərinin qiymətlərində artım qeydə alınacaq.
Mən demirəm ki, yeni tikilmiş bina evlərini alan olmayacaq, yox, onların da alıcıları olacaq. Sadəcə bəzi alıcılar həyət evlərinə üstünlük verəcəklər. Həyət evlərində hər il mart ayından sonra alıcılar çoxalır və əksər bağ və həyət evləri yay mövsümündə satıldığı üçün belə demək olar ki, gələn aydan həyət evlərində artım olacaq.
Mən gördüyüm qədərilə Azərbaycanda tikilən yeni binalar Türkiyə ilə müqayisədə olduqca keyfiyyətlidir. Əsas da son 6-7 ildə tikilən binalar olduqca keyfiyyətli tikilir. Mənim fikrimcə, bu il keçən illərlə müqayisədə yeni tikilən hündür mərtəbəli bina evlərinin qiymətləri az da olsa, aşağı enəcəyini güman edərəm. Həyət evlərinin qiyməti isə keçən illərlə müqayisədə yuxarı qalxacaq və keçən illərlə müqayisədə daha çox alıcısı olacaq. Bu halın baş verməsi insanların zəlzələ qorxusundan irəli gəlir.
Ən çox qiymət artımı isə kupçası (çıxarışı) olan həyət evlərində olacaq. Ən çox qiymətin artımı isə Bakı şəhərinə yaxın qəsəbələrdə tikilmiş villa və həyət evlərində olacaq. Ümid edirəm ki, əmlak bazarı yenə əvvəlki kimi öz çiçəkli vaxtlarına qayıdar.
Bütün Azərbaycan xalqı adından qardaş Türkiyədə zəlzələ zamanı həyatını itirmiş insanlara Allahdan rəhmət, yaralılara isə şəfalar diləyirəm. İnşallah bu qara buludlar başımızın üstündən gedər".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB