Azərbaycanın Avropa İttifaqı üçün önəmi artır – DEPUTATIN ŞƏRHİ

“Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkələrin ön sırasında gəlir. Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bugünkü iclasında deyilən fikirlər də bunu deməyə əsas verir. Məlumdur ki, 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi fonunda Avropada enerji böhranı yaşandı. Köhnə müqavilələr qüvvədən düşdü, Avropalıların Rusiyadan qaz tədarükü birincilərin tətbiq etdiyi sanksiyalar səbəbindən dayandırıldı. Belə olan halda Azərbaycanın Avropa bazarına daha böyük həcmdə enerji resursları ixrac etməsi gözlənilən idi. Təsadüfi deyil ki, Azərbaycan ötən ildə Avropaya mavi qaz nəqlini 40 faiz artıraraq 11,4 milyard kubmetrə çatdırıb. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında çıxış edən Avropa İttifaqına üzv ölkələrin rəsmilərinin mövqeləri Azərbaycanın “Qoca qitə”nin enerji təhlükəsizliyə xüsusi töhfə verən ölkə olduğunu bir daha təsdiqlədi. Məlum olur ki, Avropa hələ uzun müddət Azərbaycanla bu sahədə əməkdaşlıq edəcək. Avropada Azərbaycan qazına da ehtiyac yaranıb. Bütün bunların arxasında Azərbaycanın etibarlı tərəfdaş olmaq prinsipləri dayanır. Qeyd edək ki, Cənub Qaz Dəhlizi birbaşa Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün olub. Hər gün Azərbaycanın Avropa İttifaqı üçün önəmi artır. Cənub Qaz Dəhlizi bu gün regionun və Azərbaycanın iqtisadi və strateji maraqlarına cavab verir. Bu, həm də Azərbaycan üçün yeni imkanlar yaradır, perspektivlər vəd edir”.

Bütün xəbərlər Facebook səhifəmizdə