Hansı tip mənzillərə tələbat daha çoxdur? - EKSPERT İZAH ETDİ

“Hal-hazırda Bakı şəhərində və ətraf qəsəbələrdə mənzil bazarında 2022-ci illə müqayisədə hələ ki, tələbat çıxarışı olan və qiymətləri 250000 AZN qədər olan mənzillərə daha çoxdur”. Bu sözləri SİA-ya açıqlamasında əmlak üzrə ekspert Anar Nəsirov deyib.

Onun sözlərinə görə, indi alıcıların əksəriyyəti sovet dövründə tikilmiş 1, 2 və 3 otaqlı evlərə daha çox üstünlük verir: “Çünki bu mənzillərin qiyməti digər mənzillərə nisbətən daha əl çatandır. Alıcıların bu tipli mənzilləri seçməsinə daha bir səbəb isə həmin mənzillərin sahələrinin kiçik və otaq saylarının çox olmasıdır. Çünki sahəsi balaca olan mənzilləri qiymətinin yeni tikilmiş binalarla müqayisədə daha ucuz olması ilə yanaşı, həm də o mənzillərin qış aylarında isidilməsi və yay aylarında soyudulması xərclərinin az olmasıdır. Çünki sahənin kiçik olması həmin tipli mənzillərin soyutma və isidilməsində daha əlverişli olmasıdır”.

Anar Nəsirov sözlərinə belə davam edib: “Bu tipli mənzillərin alıcılar tərəfindən daha cazibədar olmasına daha bir səbəb də həmin mənzillərə söküntüyə düşdüyü zaman əlavə kvadrat və daha müasir yeni binalarda evlərin verilməsidir. Söküntüyə düşən binada həmin binanın yerində tikinti aparan MTK-lar mənzil sahiblərinə həmin binanın yerində inşa ediləcək binada daha müasir və elit mənzillər təklif edirlər. Bu da sakinlər üçün daha əlverişlidir.

Söküntüyə düşən binanın sakininə əlavə kvadratdan başqa ona 3 il kirayə pulu və tam təmirli daha böyük mənzil verilməsi sakinlər üçün əlavə qazanc deməkdir. Hesab etsək ki, söküntüyə düşən mənzilin 100 kvadrat ümumi sahəsi var və söküntü zamanı tikinti tikən şirkət ona 130 kvadrat daha yaxşı təmirli ev veriləcək, bu, mənzil sahibi üçün daha uduşlu və bu bazarlıqdan daha qazanclı çıxması deməkdir. Çünki sakin əgər bu köhnə tikili binanı şəhərin mərkəzi hissəsində satıb haradasa 150000 -160000 AZN pul əldə edə bilərdisə, ona sökülən mənzilin yerinə verilmiş binada verilmiş mənzili satdığı halda bu rəqəm 280000 AZN qədər pul edir. Bu da mənzil sahibinin 120000-130000 AZN əlavə qazancı deməkdir.

Məhz bu mənzillərdə belə şanslarının olması həmin mənzillərin alıcılar tərəfindən daha çox seçilməyinə səbəb olur. Digər bir variant isə 1980-ci illərdən sonra tikilmiş binalarda olan mənzillərin ipoteka ilə almağın daha rahat və ucuz başa gəlməsidir. Belə ki, yeni tikilən binalarda mənzilin sahəsinin böyük olması onun qiymətinin daha yuxarı olmasına səbəb olur. Amma sovetlər dövründə tikilən binalarda mənzilin sahəsi balaca olsa da, o mənzillərdə otaq sayı çox olur və evin planında itkiyə gedən sahə olmur. Məhz bu kimi amillərə görə köhnə tikili evlərə tələbat yeni bina evlərinə görə daha çoxdur.

Bu mənzillərin daha bir özəlliyi onun qiymətinin daha münasib olmasıdır, çünki həmin mənzilə olan tələbat mənzil bazarının haradan baxsaq 50 % təşkil edir. Buna səbəb isə təkrar mənzil bazarında alıcıların yarısı bu tipli mənzillərin qiymətləri ətrafında mənzil almaq üçün pul ayırırlar. Yeni tikilmiş bina evlərində isə bazar belədir. Əvvəlki illə müqayisədə indi alıcılar daha çox sahəsi az olan və çıxarışı olan (kupçası) mənzillərə üstünlük verirlər. Bu da onu göstərir ki, böyük sahəli evlərə maraq göstərmirlər. Bunun bir neçə səbəbi var. Yuxarıda qeyd etdiyim kimi, mənzillərin isitmə və soyutma xərclərini göstərmək olar. Atalar demiş: «Böyük evin böyük də problemi olar». Böyük sahəsi olan mənzillərin alıcının az olmasına əsaslı səbəb kimi qiymətinin daha çox olmasıdır. Çünki hamıda o pul olmur və hamı o qiymətə ev ala bilməz. Böyük sahəsi olan evlərin də alıcısı var. Amma onlar mənzil bazarında alıcıların 10 % təşkil edir. İndi Bakı şəhərində yeni tikilmiş bina evlərinə nəzər salsaq görərik ki, yeni tikilmiş padmayak mənzillərin 1 kv-sı orta hesabla 2200 AZN-dən təklif edilir. Siz əgər bir 3 otaqlı mənzil almaq istəsəniz, 130 kv sahəsi olan mənzil haradasa 286000 AZN edir. Bunun üstünə orta təmir pulu 45000 AZN gəldikdə isə bu rəqəm 331500 AZN edir. Təbii ki, az pul deyil və hər adam bu qədər pulu toplaya bilməz.

Onda deməli, yenə də şəhərin mərkəzi hissələrindən orta təmirli bir köhnə bina alsaq, bu, 160000 azn edər. Bu da alıcıya daha ucuz başa gəlir.

Düzdür, hər evin öz alıcısı var. Mən demirəm yeni tikili evləri alan yoxdur. Təbii ki, onların da öz alıcıları var. Sadəcə, köhnə evlərə qiymət və alıcılıq qabiliyyəti tərəfindən daha çox tələbat var. Yəni bina evlərində də indi alıcılar daha çox Çıxarışlı (Kupçası) olan və sahəsi nisbətən az olan mənzillərin alıcıları çoxdur.

Sahənin az olması qiymətlərin daha münasib olmasıdır. Şəhərin ən bahalı hissəsinə gəldikdə isə evlərin ən bahalı yeri Səbail və Nəsimi rayonlarıdır. Verginin ən çox vergi alıdığı hissə yenə zona 1-də məhz bu rayonların mərkəzi hissəsinə düşür. Sonrakı yerləri isə Nərimanov və Yasamal rayonlarının mərkəzi hissələri tutur. Bu adını qeyd etdiyim rayonların mərkəzi hissəsində digər rayonlarla müqayisədə qiymətlər daha yüksəkdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə