bp AÇG-də qiymətləndirmə quyusunun qazılacağı tarixi açıqladı

bp Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" blokunda "dərin qaz" layihəsi üçün qiymətləndirmə quyusunun qazılmasına fevralın 10-a qədər başlamağı planlayır.

Bu barədə bp Azərbaycandan SİA-ya məlumat verilib.

"Operativ işlər yanvarın 15-də başladılıb və təqribən 20 gün davam edəcək, bu isə o deməkdir ki, quyunun qazılması fevralın əvvəlinə planlaşdırılır", - şirkət deyib.

Quyu "Çıraq" platformasında quraşdırılmış qazma qurğusunun köməyilə qazılacaq, bp Azərbaycan bildirib.

Qeyd edək ki, A22z quyusu "Çıraq" platformasından mövcud A22 injektor quyusunun yan lüləsi olaraq qazılacaq. Bu quyu strukturun cənub cinahı ərazisindəki dərin qaz laylarına çıxış əldə etməyə imkan verəcək.

Ümumilikdə 4500 metr dərinlikdə quyunun qazılması planlaşdırılır. Quyunun qazılması təqribən üç ay çəkəcək.

Azərbaycan Respublikasının Energetika Nazirliyindən verilən məlumata görə, 2022-ci ilin yekunlarına əsasən "Azəri-Çıraq-Günəşlİ" yatağındakı blokda 20,4 milyon ton neft hasil olunub.

AÇG-də iştirak payı aşağıdakı kimidir: bp (30,37 faiz), SOCAR (25 faiz), MOL (9,57 faiz), INPEX (9,31 faiz), Equinor (7,27 faiz), ExxonMobil (6,79 faiz), TPAO (5,73 faiz), ITOCHU (3,65 faiz), ONGC Videsh Limited (2,31 faiz).

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin operatoru BP Exploration (Caspian Sea) Limited şirkətidir.

Bütün xəbərlər Facebook səhifəmizdə