"Azərbaycan iqtisadiyyatı inkişafdadır" – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ
"Azərbaycan sosial dövlətdir və Azərbaycan Prezidenti cənab İlham Əliyevin son illər həyata keçirdiyi sosial siyasət kursu, imzaladığı bir çox qərar və sərəncamlar, həyata keçirilən proqramlar, geniş miqyaslı layihələr bilavasitə əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəldilibdir". Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, son illərdə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması, iqtisadi inkişafın təmin olunması nəticəsində mühüm qabaqlayıcı tədbirlər görülüb və bunun nəticəsində Azərbaycanda əhalinin yaşayışı üçün ciddi bir çətinlik yaranmayıbdır.
“Bu gün dünyada inflyasiyanın həcmi getdikcə artır. İnflyasiyanın artımı tək Azərbaycan üçün xarakterik deyil, dünyanın əksər ölkələri üçün xarakterikdir. Dünyada baş verən müharibələr, iqlim dəyişiklikləri, iqtisadi əlaqələrin korlanması və digər bəzi amillər ölkələrin iqtisadiyyatına ciddi zərbələr vurub və inflyasiyanı qaçılmaz edibdir. Bir neçə il bundan əvvəl bir faizdən artıq olmayan inflyasiya Qərb ölkələrində indi on faiz həddinə çatıb. Dünya ölkələrinin əksəriyyəti iqtisadi çətinliklər, böhran içərisindədir. Ancaq buna baxmayaraq Azərbaycan iqtisadiyyatı inkişafdadır və dövlətin həyata keçirdiyi qabaqlayıcı tədbirlər sayəsində ölkədə əhalinin iqtisadi cəhətdən korluq çəkməsinin qarşısı alınıbdır. Cənab Prezidentin yerli televiziya kanallarına yanvarın 10-da verdiyi müsahibəsində bu amillər ön plana çəkilib, ölkədə iqtisadi vəziyyətin aydın proqramı verilibdir.
Hər birimizə yaxşı məlumdur ki, 2023-cü ilin dövlət büdcəsində sosial xərclərin artırılması, eləcə də bir çox sosial layihələrin həyata keçirilməsi üçün əlavə xərclərin nəzərə alınması bilavasitə göstərir ki, 2023-cü ildə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün əsaslı tədbirlərin görülməsi qarşıya bir vəzifə kimi qoyulubdur. Minimum əmək haqqı 10 faiz, minimum pensiyalar 16-17 faiz artırılıbdır. Bu il orta əmək haqqının 900 manata çatdırılması nəzərdə tutulur. 60 mindən çox ailə dövlətdən sosial yardım alır ki, bu da hər bir ailəyə 460 manatın düşməsi deməkdir. 2023-cü ildə nəzərdə tutulmuş sosial islahatlar paketində bir milyon insanın əhatə olunması nəzərdə tutulur və bunun üçün dövlət büdcəsindən 750 milyon əlavə vəsait ayrılacaqdır. 60 min ailə özünüməşğulluq proqramına cəlb edilibdir.
Bu gün ölkənin iqtisadiyyatının davamlı və dayanıqlı olması çox mühüm sosial layihələrin həyata keçirilməsinə imkan yaradır. İqtisadiyyatımızın inkişafı bu gün işğaldan azad olunmuş ərazilərimizdə geniş miqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsinə, yeni yolların, kanalların, stansiyaların, təyyarə meydançalarının, körpülərin, yeni tikinti obyektlərinin və yaşayış binalarının tikilməsinə şərait yaradır və əlbəttə ki, bütün bunlar hər birimizi sevindirir. Cənab Prezident çıxışında bir daha xatırladıb ki, məhz iqtisadiyyatımızın güclü olması nəticəsində biz bu gün beynəlxalq aləmdə nüfuzumuzu gündən-günə möhkəmləndirir, yeni mühüm qələbələrin qazanılmasına nail oluruq.
Əlbəttə ki, iqtisadiyyat möhkəm olmadan biz ordumuzu gücləndirməyə qadir ola bilməzdik. Digər tərəfdən geniş miqyaslı quruculuq işlərinin aparılması mümkün olmazdı. Məhz ölkə rəhbərinin apardığı iqtisdi-sosial kurs deməyə əsas verir ki, Azərbaycan insanının gələcək həyatı daha gözəl, daha firavan olacaq və Azərbaycan daha çiçəklənən bir ölkəyə çevriləcəkdir”, deyə Tahir Rzayev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB