"Hazırda əmək pensiyasının artım faizi daha yuxarıdır" - İQTİSADÇI ŞƏRH ETDİ

"Cənab Prezidentin bu gün imzaladığı sərəncamla əmək pensiyasının minimum məbləğinin artım faizi, minimum aylıq əməkhaqqının artım faizindən daha yuxarı nəzərdə tutulub. Ona görə ki sərəncamda minimum aylıq əməkhaqqının 345 AZN-ə çatdırılması qeyd olunub". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, nəzərə alsaq ki, 2022-ci ilin əvvəlindən bu məbləğ 300 AZN təyin olunmuşdu, indi isə 15% artım nəzərdə tutulub: "Eyni zamanda, bu sərəncamda əmək pensiyaları ilə bağlı məsələyə də toxunulub. Sadəcə olaraq məbləğ təyin olunmayıb. Aidiyyatı qurumlardan əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflər irəli sürülüb. Böyük ehtimalla bu təkliflər təsdiqlənəcək və əmək pensiyası 16.6% artmış olacaq. Keçən ilin əvvəlində əməkhaqqı və pensiya eyni qədər, yəni 20% artmışdı. Hazırda isə pensiyanın artım faizi daha yuxarıdır".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə