Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının 3-cü nəşri hazırlanır - NAZİR AÇIQLADI

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı”nın əsas prioritetlərindən biri ətraf mühitlə bağlı problemlərin həlli, dinamik iqtisadi inkişaf fonunda ekoloji təhlükəsizliyin təmin olunması, ən müasir – aztullantılı texnologiyaların tətbiqi və təmiz ekoloji mühitin yaradılmasıdır. Hər iki sənəddə “işğaldan azad olunmuş ərazilərə böyük qayıdış”, “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioritetləri arasında tam sinerji təmin edilmişdir". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.

Nazir qeyd edib ki, strateji sənədlərdə meşə fondunun, flora və faunanın bərpası, xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı, hidrometeoroloji müşahidə şəbəkəsinin bərpası, su resursları və mineral xammal ehtiyatlarından səmərəli istifadə və s. məsələlər əsas prioritetlər kimi göstərilmişdir: "Proqramda qeyd olunan istiqamətlərə uyğun olaraq bu ərazilərdə ekoloji mühitin bərpası üçün mərhələli şəkildə işlərə başlanılmışdır.

Orta və uzunmüddətli perspektivdə meşələrin bərpa edilməsi və əvvəlki vəziyyətə qaytarılması üçün meşə əkini işləri aparılır. Cəbrayıl, Zəngilan, Füzuli və Ağdam rayonlarında geniş ərazilərdə terraslar və yaşıl dəhlizlərdən ibarət meşə-parkların salınmasına başlanılıb.

Regionda su bioresurslarının bərpası və artırılması məqsədilə Bəsitçay, Köndələnçay, Bərgüşadçay və Həkəri çaylarına, eləcə də Suqovuşan və Xaçınçay su anbarlarına davamlı olaraq müxtəlif növ balıq körpələri buraxılır.

Burada qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının 3-cü nəşrinin hazırlanması çərçivəsində Elm və Təhsil Nazirliyi və Milli Elmlər Akademiyası ilə birlikdə Qarabağ bölgəsinin fauna və flora növlərinin hazırki statusunun beynəlxalq kateqoriyalara uyğun qiymətləndirilməsi həyata keçirilir. Bununla da "Qırmızı kitab"ın yeni nəşri daha dolğun və elmi əsaslandırılmış olacaqdır.

Tamamilə məhv edilmiş hidrometeoroloji müşahidə və ekoloji monitorinq şəbəkəsi yenidən qurularaq modernləşdirilir.

Əsas çaylar üzərində 11 ədəd avtomat hidroloji stansiya, həmçinin Zəngilan rayonundakı “Ağıllı kənd” ərazisində avtomat aqrometeoroloji stansiya quraşdırılmışdır. Eyni zamanda, Ermənistanla sərhəd ərazilərdə radiasiya fonunun nəzarətdə saxlanılması məqsədilə Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarında avtomat radioekoloji stansiyalar qurulmuşdur. Həmin stansiyalardan məlumatlar real vaxt rejimində bu yaxınlarda istifadəyə verilmiş müasir Situasiya Mərkəzinə ötürülərək təhlil olunur.

Hazırda Şuşa, Ağdam, Füzuli, Kəlbəcər və Zəngilan rayonlarında 5 avtomat meteoroloji stansiya quraşdırılır.

Dövlət Su Komissiyasının əlaqələndirməsi ilə Qarabağ və Şərgi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından səmərəli istifadə ilə bağlı mühüm su təsərrüfatı infrastruktur layihələri icra olunur.

Suqovuşan su anbarı və magistral kanalının, Xaçınçay, Köndələnçay su anbarlarının bərpası, eləcə də Bərgüşadçay su anbarının inşası üzrə layihələndirmə işləri görülür. Həmçinin Zabuxçay su anbarının layihələndirmə işləri və tikintisi paralel şəkildə aparılır.

Ağdam, Şuşa, Füzuli, Cəbrayıl, Qubadlı, Kəlbəcər və Zəngilan şəhərlərinin su təchizatı, kanalizasiya və yağış sularının idarə edilməsi layihələri həyata keçirilir və artıq bir hissəsi yekunlaşmaq üzrədir.
İqtisadiyyatın dinamik inkişafı ilə əlaqədar, xüsusilə tikinti sektorunun xammala olan tələbatını ödəmək məqsədilə geoloji axtarış və kəşfiyyat işləri, yataqların istismara cəlb olunması aktual məsələlərdəndir.

Tikinti-quruculuq işləri nəzərdə tutulan hər bir rayon üzrə infrastruktur layihələrinin icrasını sürətləndirmək və yer təki sahələrinin asanlaşdırılmış rejimdə istismara verilməsi üçün normativ hüquqi aktlarda dəyişikliklər edilmişdir.

Azad edilmiş rayonların Baş Planlarının hazırlanması məqsədilə uçuş aparatları vasitəsilə 240 kvadrat kilometr ərazidə çəkilişlər aparılmış, müxtəlif miqyaslı topoxəritələr və “Elektron su xəritəsi” hazırlanmışdır. “Qarabağın təbii ehtiyatlar atlası” tərtib olunmuş, digər zəruri topoqrafik işlər görülmüşdür.

İşğaldan azad edilmiş ərazilərdə yaranan tullantıların idarə olunması üçün rayonlar üzrə poliqon əraziləri müəyyən edilmişdir.

Təəssüf ki, işğaldan azad edilmiş ərazilərdə ekoloji terror bu gün də davam edir. Buna nümunə olaraq, Ermənistan ərazisindən daxil olan transsərhəd çayların, xüsusilə Oxçuçayın ciddi çirklənməyə məruz qalmasını göstərmək olar. Beynəlxalq laboratoriyaların da cəlb olunduğu monitorinqlər nəticəsində Oxçuçayda ağır metallar və digər çirkləndiricilərin miqdarının normadan dəfələrlə çox olduğu qeydə alınmışdır. Məsələ ilə bağlı beynəlxalq təşkilatlara və bir sıra dövlətlərin müvafiq qurumlarına müraciət olunmuşdur. Hazırda Milli Elmlər Akademiyası və digər aidiyyəti qurumların nümayəndələrindən ibarət yaradılmış İşçi Qrupu tərəfindən monitorinq nəticələri təhlil edilərək Oxçuçayın su hövzəsinin ekoloji bərpası istiqamətində təkliflər hazırlanır.

Ekoloji terrorun digər bariz nümunəsi Azərbaycan ərazilərində təbii ehtiyatların qanunsuz istismarının davam etməsidir. İşğal dövründə ölkəmizə məxsus 167 faydalı qazıntı yatağından 52-si heç bir ekoloji norma gözlənilmədən vəhşicəsinə istismara məruz qalmışdır.

Dekabr ayının əvvəlindən başlayaraq, Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingenti ilə onların müvəqqəti yerləşdirildiyi ərazilərimizdə təbii ehtiyatların qanunsuz istismarının dayandırılması, monitorinq və inventarlaşmanın aparılması, ətraf mühitə zərər və risklərin qiymətləndirilməsi və nəticələrinin aradan qaldırılması məsələlərini müzakirə edir.

Sözsüz ki, bu vəziyyət cəmiyyətimiz tərəfindən normal qarşılana bilməz. Biz ictimaiyyətin narahatlığını başa düşürük. Bildiyiniz kimi, şaxtalı havaya baxmayaraq vətəndaş cəmiyyətinin nümayəndələri, qeyri-hökumət təşkilatlarını təmsil edən ekoloji fəallar Laçın-Şuşa yolunda etiraz aksiyası keçirirlər. Aksiyanın məqsədi Azərbaycan ərazilərində təbii ehtiyatların qanunsuz istismarının dayandırılmasıdır.
Əminik ki, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış çərçivəsində ekoloji bərpa işlərinin həyata keçirilməsi son nəticədə bu ərazilərdə təbiətin dirçəlməsinə gətirib çıxaracaqdır.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə