“Çin növbəti dəfə Kəmər və Yol Beynəlxalq Əməkdaşlıq Forumunu təşkil etməyi nəzərdən keçirir”. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu fikri Çin Xalq Respublikasının sədri Si Cinpin Tailandda Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində çıxışı zamanı səsləndirib. “Kəmər və yol” təşəbbüsü üzrə dövlət və hökumət başçıları səviyyəsində 3-cü forumun gələn il təşkilinin nəzərdə tutulduğunu bildirən Si Cinpin tədbirin Asiya-Sakit okean bölgəsində, habelə bütün dünyada inkişafa yeni bir təkan verəcəyini bildirib.
Qeyd edək ki, Çinin xüsusən Avrasiya regionundakı ölkələrlə ikitərəfli və çoxtərəfli iqtisadi-ticari əməkdaşlığının genişlənməsinə dəstək məqsədi daşıyan “Kəmər və yol” təşəbbüsü 2013-cü ildə elan edilib. Azərbaycan bu təşəbbüsü ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, özünün iqtisadi potensialı, əlverişli coğrafi mövqeyi, eləcə də nəqliyyat-logistika imkanları ilə onun icrasına önəmli töhfələr verir. Prezident İlham Əliyev 2015-ci ilin dekabrında Çində dövlət səfərində olarkən iki ölkə arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. “Kəmər və yol” təşəbbüsü üzrə ilk Beynəlxalq Əməkdaşlıq Forumu 2017-ci ildə keçirilib. Azərbaycan prezidenti İ.Əliyev 2019-cu ildə II Kəmər və Yol Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB