“Bəstəkar Tofiq Bakıxanovun balet yaradıcılığı” kitabı çap edilib

Azərbaycan Bəstəkarlar İttifaqı yaradıcılıq təşkilatı olaraq, uzun illərdir respublikanın mədəni həyatında öncül mövqe tutaraq, hər zaman maraqlı layihələrlə - bəstəkar və musiqişünasların yubileylərinə həsr olunmuş festivallarla, konfrans və konsertlərlə, kitab nəşrlərinin təqdimatı ilə çıxış edir.

İttifaqdan SİA-ya bildirilib ki, bu günlərdə Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü ilə “Bəstəkar Tofiq Bakıxanovun balet yaradıcılığı” kitabı çapdan çıxıb. Bu kitab görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti, Naxçıvanın Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli, professor Tofiq Bakıxanovun 90 illik yubileyinə həsr olunub.

Tofiq Bakıxanov dahi bəstəkarımız Üzeyir Hacıbəylinin xeyir-duası ilə musiqi sənətinə gəlmiş, böyük bir nəslin davamçısı olaraq, ulu babası Abbasqulu ağa Bakıxanovun poeziyasından ilhamlanaraq, atası Əhmədxan Bakıxanovun muğam ənənələrinə söykənərək, böyük müəllimi Qara Qarayevin sənət prinsiplərindən bəhrələnərək, öz yaradıcılıq yolunu cızmışdır. Bütün bunlar onun zəngin yaradıcılığında iz salaraq, müxtəlif janrlı, rəngarəng məzmunlu əsərlərdə təcəssüm olunmuş, bəstəkarı Azərbaycan musiqi mədəniyyətinin ön sıralarına çıxarmışdır.

Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən görkəmli bəstəkarın 90 illik yubileyini böyük musiqi festivalı ilə qeyd etmək planlaşdırmışdı. Təəssüf ki, yaşadığımız bu çətin pandemiya dövründə kütləvi tədbirlərin keçirilməsi qadağan olunsa da, həyat davam edir. Mədəniyyət sahəsində əlamətdar hadisələrin xalqımızın diqqətinə çatdırılması üçün ən gözəl vasitələrdən biri də kitab nəşridir və nəfis şəkildə çap olunmuş “Bəstəkar Tofiq Bakıxanovun balet yaradıcılığı” kitabı bəstəkara həsr olunmuş növbəti nəşr kimi diqqətəlayiqdir.

Kitabın tərtibçisi Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Günay Məmmədova, redaktoruMilli Məclisin deputatı, akademik, Rəfael Hüseynov, elmi məsləhətçisi Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Cəmilə Həsənovadır. Kitab “Renessans” nəşrlər evində çap olunub.

Kitabda Tofiq Bakıxanovun 1960-cı illərin sonundan başlayaraq balet musiqisinə müraciəti, “Xəzər balladası”, “Xeyir və Şər”, “Şərq poeması” baletlərinin yaranma tarixi, hər tamaşa haqqında mətbuatda çıxan rəylər, tədqiqatçıların məqalələri, görkəmli şəxsiyyətlərin fikirləri, tamaşaların afişaları və fotoları öz əksini tapıb.

Bu kitab anadan olmasının 90 illiyini, yaradıcılıq fəaliyyətinin 70 illiyini qeyd edən, daim fəaliyyətdə olan, öz yaratmaq enerjisi ilə çoxlarına nümunə göstərən, Azərbaycan musiqisinin inkişafı yolunda mühüm xidmətlərə malik hörmətli sənətkarımız Tofiq Bakıxanovun yubileyinə Azərbaycan Bəstəkarlar İttifaqının gözəl töhfəsidir.

Onu da qeyd edək ki, 2014-cü ildən başlayaraq, Azərbaycan Bəstəkarlar İttifaqı Azərbaycan bəstəkarları və musiqişünasları haqqında silsilə broşürlərin nəşri ilə bağlı layihəni həyata keçirir. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti, Azərbaycanın Xalq artisti, professor Firəngiz Əlizadənin rəhbərliyi altında reallaşan bu layihə olduqca mühüm əhəmiyyətə malikdir.

Bu gün də davam etdirilən bu layihədə bir neçə mərhələdə 70-dən artıq broşür çap olunub. Son nəşrlərdən biri olaraq, görkəmli musiqişünas-alim, Üzeyir Hacıbəylinin tələbəsi və davamçısı olmuş Məmmədsaleh İsmayılov haqqında kitabın çap olunması ilə bağlıdır. Bu baxımdan müasir musiqi mədəniyyətimizin əsas təkanverici qüvvəsini təşkil edən çoxsaylı bəstəkar və musiqişünaslarımızın yaradıcılığının öyrənilməsi, onların keçdiyi həyat yolu, müraciət etdiyi mövzular, janrlar, ərsəyə gətirdiyi əsərlər haqqında geniş kütləyə məlumat vermək və insanların diqqətini cəlb etmək vacib məsələlərdəndir.

Bütün xəbərlər Facebook səhifəmizdə