Dünya şöhrətli sənətkar, görkəmli müğənni və tanınmış ictimai xadim, SSRİ və Azərbaycanın Xalq artisti Rəşid Behbudovun adını daşıyan Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin R.Behbudov adına 2 nömrəli 11 illik musiqi məktəbi respublikada ilk musiqi təhsilli ocaqlarından biridir. İdarədən SİA-ya bildirilib ki, şərəfli inkişaf yolu keçən musiqi məktəbi bu gün də Rəşid Behbudovun sənət yolunu uğurla davam etdirir.
Musiqi məktəbinə 1990-cı ildə Rəşid Behbudovun adı verilib. Artıq 30 ildir ki, böyük sənətkarın doğum və anım günlərində məktəbin özündə və bir sıra mədəniyyət ocaqlarında Rəşid Behbudovun xatirəsinə həsr olunmuş rəngarəng tədbirlər keçirilir. Bu tədbirlərə müğənninin ailə üzvləri, tanınmış şəxsiyyətlər dəvət edilir. 2015-ci ildə ecazkar səsə malik və təkrarolunmaz müğənninin anadan olmasının 100 illiyi münasibətilə 2 nömrəli musiqi məktəbi bir sıra silsilə tədbirlər keçirib.
Dövlət Mahnı Teatrı, Muzey Mərkəzi, T.Həsənov adına 23 nömrəli tam orta məktəbdə keçirilən konsertlərdə R.Behbudovun repertuarından mahnılar, eləcə də dünya və Azərbaycan bəstəkarlarının əsərləri şagirdlərin, məktəbin musiqi kollektivlərinin ifasında səslənib, Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasından səhnələr nümayiş etdirilib. 2016-cı ilin dekabr ayında Heydər Əliyev Sarayında R.Behbudova həsr olunan möhtəşəm dövlət tədbirində məktəbin şagirdi Nail Qurbanov Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə çıxışında məktəbi təmsil edib.
Vokal sənətimizin korifeyinin adını daşıyan 2 nömrəli musiqi məktəbinin şagirdləri və xor kollektivinin bir sıra respublika müsabiqələrində uğurlu çıxışları diplom və fəxri fərmanlarla təltif edilib. Məktəbin məzunları Aysel Teymurzadə, Eldar Qasımov, Fərid Məmmədovun “Eurovision” musiqi müsabiqəsində, eləcə də məktəbin şagirdi Rüstəm Kərimovun “Eurovision Kids- 2013” müsabiqəsindəki çıxışları rəğbətlə qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB