Sənətsevərlər yeni virtual layihələrdə iştiraka dəvət edilir

Ölkəmizdə COVID-19 pandemiyası ilə əlaqədar davam edən xüsusi karantin rejimi insanları müvəqqəti izolyasiya şəraitində evlərində qalmağı, tibbi maska taxmağı və sosial məsafə saxlamağı tələb edir. SİA-nın məlumatına görə, bu səbəbdən fəaliyyətini onlayn qaydada davam etdirən bir çox dövlət qurumu və incəsənət məkanları kimi Azərbaycan Dövlət Rəsm Qalereyası da sosial media hesabları vasitəsilə sənətsevərləri asudə vaxtlarını evdə maraqlı və səmərəli keçirmələri üçün bir sıra virtual layihələr həyata keçirir.

Sənətsevərlər tərəfindən xüsusi maraqla qarşılanan #birəsər həştəqi ilə hər həftə bir incəsənət əsərlərinin bədii təhlili, eləcə də #rəssamlarıtanıtanıt devizli görkəmli Azərbaycan rəssamlarının yaradıcılığının təbliği və tanınmasına xidmət edən onlayn layihələri qeyd etmək olar. Qalereyanın rəsmi sosial media hesabları (ADRQalereya.az,@azgallery.az) vasitəsilə incəsənətə marağın artırılması məqsədilə davamlı aksiyalar, rəssamlarla canlı yayımlar, müxtəlif mövzulu virtual sərgilər mövcud şəraitdə onlayn davam edir.

Bununla yanaşı, ötən həftə start götürən yeni “ARTAP” adlı incəsənətə aid maraqlı sual layihəsi sənətsevərlərin böyük marağına səbəb olub. İntellektual bilikləri müəyyənləşdirməyə, zənginləşdirməyə stimul verən “ARTAP” layihəsinin sualları hər həftənin birinci günü qalereyanın sosial media hesablarında paylaşılır.

Qalereyanın növbəti yeniliyi “+5C” adlı ilk incəsənət mövzulu onlayn bilik yarışmasıdır. Azərbaycan Dövlət Rəsm Qalereyası “instagram” (@azgallery.az) sosial media platformasında həyata keçirilən “+5C” onlayn yarışmasında incəsənət biliyinə, dünyagörüşünə güvənən şəxsləri iştirak etməyə, 5 suala cavab verib, hədiyyə qazanmağa dəvət edir.

Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşlarının audio məqalələrinin hazırlanması da yeni virtual layihəyə daxildir.

Yeni virtual layihələrə Azərbaycan Dövlət Rəsm Qalereyasının “instagram” (@azgallery.az), “facebook” (ADRQalereya.az) sosial media hesabları vasitəsilə qoşulub, iştirak etmək və ya izləmək mümkündür. Qalereyanın mövcud və yeni layihələrindən xəbərdar olmaq üçün rəsmi saytını (www.azgallery.az) izləmək tövsiyə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə