Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası tərəfindən “Vətənimizə virtual səyahət” layihəsi Yardımlı rayonuna təşkil olunmuş virtual turla davam edir. SİA-nın məlumatına görə, ölkəmizi tanıtmaq məqsədilə hazırlanmış növbəti videoçarx Yardımlı rayonunun giriş fotosu və xəritə təsviri ilə başlayır. Videoçarxda rayonun ərazisi, əhali sıxlığı, nəqliyyat vasitəsi, telefon və poçt kodları məlumat şəklində əks olunur.

Videoçarxda 1938-ci ildən rayonun Yardımlı adlandırıldığı, həmsərhəd olduğu ərazilər və onlar arasındakı məsafələr, inzibati bölgüsü haqqında məlumatlar izləyicilərə təqdim olunur. Həmçinin rayonun tarixi ilə bağlı məlumatlar da ətraflı şəkildə işıqlandırılır.

Videoçarxda Yardımlı rayonunun təbiəti də öz əksini tapıb.

Videoçarxda Lənkəran-Astara bölgəsində ən uzun çayların Yardımlı ərazisindəki Viləş çayla Bolqarçayı olduğu və bu çayların qollarının adları, onların qovşaqları haqqında məlumat da qeyd olunur.

Yardımlı ərazisi tariximizi əks etdirən bir sıra abidələrlə zəngindir. Videoçarxda rayonun kəndlərində əlli iki məscidin yerləşdiyi, “Alar”, “Dəlikli daş”, “Köhnəqışlaq”, “Qaravuldaş” kimi mağaraların, “Dik altdıq”, “Qızbala” kimi yerlərin fotoları və siyahısı təqdim olunur.

Videoçarxda tarixi abidələrlə yanaşı təbiət abidələri də təsvir olunur. Təbiət abidələri sırasına daxil olan “Dəlləkli çinar” haqqında informasiya verilir.

Yerli əhəmiyyətli abidə kimi verilən “Qız qalası”nın yerləşdiyi ərazi və digər məlumatlar da videoçarxda nümayiş olunur. Videoçarx “Yardımlı” mahnısı ilə müşayiət olunur.

Videoçarx Yasamal rayon MKS-inin “YouTube” kanalında yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...