(Esse)
Uşaq yaşlarımdan yadımdadır ki, evimizin qonaq otağının divarından asılmış bir portret vardı. Anam deyirdi ki, atanın əsgərlikdə çəkdirdiyi şəkildir. Amma o vaxt uşaq idim, hələ çox şeyi başa düşmürdüm. Ağlım kəsəndə həmin portretə baxıb atamla müqayisə edirdim. Böyüdüm, artıq məktəbə gedəndə atam söylədi ki, bu şəkli onun əsgər yoldaşı İkinci Dünya Müharibəsi (məktəbdə oxuyanda öyrəndim ki, bu müharibənin bir hissəsinə Böyük Vətən Müharibəsi də deyirlər) zamanı Sevastopol cəbhəsində çəkib. Sonralar həmişə atamın bu şəkli odun-alovun içərisində necə qoruyub saxladığı və nəhayət özü ilə evə gətirib çıxarmağı haqqında çox
düşünürdüm. Məktəbdə keçilən rəsm dərslərinə həvəsimi də məhz bu portret yaradırdı. Hiss edirdim ki, atam da gələcəkdə rəssam olmağımı istəyir. Məncə, bu istəyi də onda elə bu portret yaratmışdı. Necə oldusa mən rəssam yox, riyaziyyatçı olmaq qərarına gəldim. Atam heç vaxt övladlarının istəyinin əksinə getməzdi. Ona görə də mənim bu istəyimin əksinə getmədi.
Nə isə... Tale mənim yolumu Bakıdakı fizika-riyaziyyat, kimya-biologiya təmayüllü internat məktəbə gətirib çıxardı. Bu məktəbə ilk qəbul haqqında elanı o zaman gənclər arasında çox populyar olan “Azərbaycan gəncləri” qəzetində gördüm (çox təəssüf ki, indi nümunə üçün gənclərimiz arasında populyarlıq qazanmış elə bir nəsnə göstərmək mümkün deyildir, əlbəttə ki, gündən-günə, yağışdan sonra göbələk kimi çoxalan cib telefonlarını, qulaqçıları (!) nəzərə almasaq). Bu elanı atama göstərəndə, o mənə xeyir-dua verib təhsilimi davam etdirmək üçün Bakıya yola saldı. Məktəb Bakının 8-ci kilometr qəsəbəsindəki dörd mərtəbəli əzəmətli (o zaman kənddən gələn bir gəncin gözündə) bir binada yerləşirdi. Bu məktəb haqqında qəlbimdə kök salmış çox xoş və kövrək xatirələr yaşayır. Bu haqda başqa bir yazımda bəlkə də gələcəkdə söz açdım...
Binanın geniş dəhlizləri, bu günkü dillə desək, koridorları var idi. Bu dəhlizləri mən yalnız hal-hazırda işlədiyim Dövlət İdarəçilik Akademiyasının koridorları ilə müqayisə edərdim. Dördüncü mərtəbənin dəhizində bütün divar boyu o vaxta qədər mövcud olunmuş görkəmli riyaziyyatçıların portretləri asılmışdı. O zaman elə indiki kimi tənəffüslərdə şagirdləri həyətə, təmiz havaya buraxmırdılar, yəqin ki, kənddən (dağ yerindən) gəlmiş bir gənc üçün bunun nə demək olduğunu yəqin ki, anlayırsınız. Odur ki, tənəfüslərdə vaxtım əsasən elə bu portretlərin önündə keçirdi. Portretlər o qədər canlı (elə atamın portreti kimi) idilər ki, onlardan ayrılmaq olmurdu. Öyrəndim ki, bu portretləri işləyən həmin məktəbdə məndən bir sinif yuxarıda oxuyan Hüseyn Mirtəqəvi adında bir şagirddir! Onunla tanış oldum və Allaha şükür ki, bu günə qədər bu dostluğu yaşadır (50 ildən çox bir zaman müddətində!) və davam etdiririk.
.jpg)
Riyaziyyatçıların portretlərini yaratmaqla rəssamlığa başlayan bu gənc oğlan Hüseyn, məktəbi qurtarıb universitetdə o zamanlar üçün yeni bir sahə olan ekoloq ixtisasına yiyələnib həqiqi mənada təbiətin qoynuna atıldı. Ali təhsilli mütəxəsis kimi Qızılağac qoruğunda işləməyə başlayan Hüseyn Azərbaycan torpağını qarış-qarış gəzib dolaşmağa, gördüyü gözəllikləri, rast gəldiyi gözəl insanları yaddaşına hopdurdu. Günlərin bir günü o, özü də bilmədən və hətta adını da bilmədiyi bir sənət sahəsi ilə məşğul olmağa başladı. Belə ki, cərrah bıçağını əlinə alaraq insan portretləri yaratmağa başladı Hüseyn. Sonralar öyrəndi ki, rəssamlar bu cür sənət sahəsinə ksiloqrafiya deyirlər. Məlumat üçün bildirək ki, ksiloqrafiya, yəni, ağac üzərində kəsmə-cızma yolu ilə yaradılan qravür - təsvirlərin çapı Uzaq Şərq ölkələrində VI əsrdən məlumdur. Buna bənzər qəliblər daha qədimlərdə basma naxışların hazırlanmasında istifadə olunub. Koreya, Yaponiya və Çində uzaq keçmişdə ərsəyə gətirilən belə nümunələr indi də qalmaqdadır. Klassik ksiloqrafiyanın yaradılmasında qədimlərdən üç nəfər iştirak edib: rəssam, kəsici və çapçı. Başqa sözlə desək, rəssamın kağız üzərində çəkdiyi eskiz əvvəlcə xüsusi vasitələrlə hamarlanmış ağac lövhə üzərinə köçürülür. Bundan sonra kəsici-sənətkarlar müəllif niyyətini iti alətlərlə ağac üzərində yerləşdirirlər. Bu prosesdən sonra son nəticəsi kağız üzərində görünəcək çap nüsxəsinin qəlibi hazırlanır. Hündür-qabarıq səthlərin rənglə örtülməsi sayəsində çapdan sonra kağız üzərində ağ-qara (sonralar rəngli ksiloqrafiyalar da hazırlandı) cizgilərdən ibarət təsvir-ksiloqrafiya nümunəsi əmələ gəlir. Amma çox maraqlı haldır ki, Hüseyn Mirtəqəvi isə bu üç nəfərin işini təkbaşına görür. Özü də o, ksiloqrafiya tutumlu əsərini bilavasitə ağac lövhənin üzərində yaradır. Başqa sözlə desək, onun çapına ehtiyac da qalmır. Hüseyn Mirtəqəvinin yaratdığı portetlər öz canlılığı ilə foto effekti yaratsalar da, onlar əslində fotodan daha güclü təsirə malikdirlər. Rəssamın yaradıcılığını yaxından izləyən tanışlarımdan biri deyir: “Hüseyn elə bir rəssamdır ki, yaratdığı insan portretlərində "tanıdığımız" və "tanımadığımız" adamlar arasında olan fərqi tamamilə aradan götürür! Onun əsərlərində heç tanımadığın adamı belə özünə doğma və əziz insan kimi qəbul edirsən!” Bu həqiqətən də belədir. Mən onun yaratdığı portretlərə baxdıqda dəfələrlə bu cür hissləri keçirmişəm. Onun bu möcüzəsinin sirrini öyrənmək məqsədi ilə neçə dəfə kənarda durub iş prosesini müşahidə etmişəm. Molbert arxasına keçən rəssam əvvəlcədən boyayaraq qurutduğu faner üzərinə kağızda çıxarılmış eskizləri yerləşdirib yüngül çizmə işi aparır. Bunu tamamladıqdan sonra əlindəki skalpellə (cərrah bıçağı) obrazı zərgər dəqiqliyi ilə işləməyə başlayır. Qəhrəmanlarının ruhunu, düşüncələrini fonda verdiyi kompozisiya ilə tamamlayır. Məhz burada sənətkar təxəyyülü, məharəti öz gücünü daha qabarıq büruzə verir və aydınca göstərir. Onun ağ-qara, işıq-kölgə vasitələrindən məharətlə istifadə etməsi real görüntü yaradır. Sənətkar yaradıcılıq prosesində cizgilərin incəliyi və qalınlığının dəqiqliyi üçün fərqli ölçüdə üç-dörd cərrah bıçağından istifadə edir. Rəssam səliqəsi, zərifliyi, duyumu onun bütün tablolarına hakimdir. Böyük rəssamın ərsəyə gətirdiyi hər bir portretdə insanın zahiri və ruhu arasındakı harmoniya yaradıcılıq məsuliyyətinin, qəhrəmanını hərtərəfli öyrənmək cəhdinin nəticəsidir. Məhz buna görə də onun bu işini alqışlamaq lazımdır.
Günlərin bir günündə Hüseyn mənə zəng edib dedi ki, nə qədər qocalmamısan, gəl sənin portretini də çəkim. Onun hər bir əsərinin necə böyük zəhmət nəticəsində ərsəyə gəlməsinin canlı şahidi kimi mən razılıq vermirdim. O isə bizim hər bir görüşümüzdə öz telefonu ilə müxtəlif vəziyyətlərdə şəklimi çəkir və təkidlə məndə olan şəkilləri də alırdı. Mən özüm təkcə şəxsən ona 200 ədəd şəkil göndərmişdim.
Heç birini bəyəmirdi ki, bəyənmirdi! Bir dəfə zəng edib dedi: “Deyəsən, arxivimdən axtardığım şəkli tapmışam!”. Həmin şəkli mənə göndərdi və mənim razılığımı aldıqdan sonra işə başladı. İşə başladığı gündən 2 ay müddətində demək olar ki, hər gün telefon, elektron poçt vasitəsilə əlaqə saxlayırdıq. Onun öz əsərinin hər kiçik ştrixini necə diqqətlə işlədiyinin canlı şahidi kimi o günləri indi də titrək hisslərlə xatırlayıram. Nəticədə gördüyünüz əsər meydana gəldi (portret deməyə dilim gəlmir!).
İndi mən həmin əsəri atamın portreti ilə bir yerdə evimin görkəmli bir guşəsində çox qiymətli relikviya kimi əzizləyərək saxlayıram. Atamın arzusu ilə rəssam olmasam da, riyaziyyatçı oldum. Onun əsgər yoldaşı tərəfindən çəkilmiş şəkli əzizlədiyi kimi mən də dostum Hüseyn Mirtəqəvi tərəfindəm mənə ərməğan olan bu əsəri kövrək hisslərlə əzizləyib saxlayacam, nə qədər ki, varam!
Bu yazını burada tamamlamaq olardı, əgər daha bir həyat epizodu olmasaydı. Mən Mirtəqəvi Hüseyn möcüzəsinin təsirini yoxlamaq üçün bir eksperiment apardım. Bir yaşını təzəcə aşmış, hələ dil açmamış körpə nəvəmi qucağıma alıb Hüseynin bu əsərinə yaxınlaşdırıb soruşdum: “Baba hanı?”. O, şəkli diqqətlə süzərək mənim üzümə sarı döndü, yenə də diqqətlə baxıb gülümsədi! Bax budur Mirtəqəvi Hüseyn fenomeninin gücü!
P.S. Mən bu yazımda onu vurğulamaq istəyirəm ki, belə gözəl rəssamı, fenomen insanı hələ də məmləkətimizdə lazım olan kimi tanımırıq. Çünki onun böyük rəsm əsərləri hələ də ölkəmizdə lazım olan kimi təbliğ olunmur. Amma mən qətiyyətlə deyə bilərəm ki, Hüseyn Mürtəqəvinin əsərləri Azərbaycandan kənara çıxarılsa, bu əsərlər az bir vaxtda təkcə öz müəllifinə yox, həm də ölkəmizə böyük uğurlar gətirər. Ölkəmiz belə fenomen rəssamı ilə dünya sənətkarları, dahi rəssamları arasında sayılıb-seçilər. İnanıram ki, bu işə cavabdeh adamlar, mənim bu fikirlərim haqqında ciddi düşünəcəklər.
Ağamehdi MEHDİƏLİYEV,
Azərbaycan Respublikası Prezidenti yanında
Dövlət İdarəçiliyi Akademiyasının dosenti
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB