Mingəçevir Teatrının Bakı şəhərində möhtəşəm qastrolu - FOTOLAR

51 yaşlı Mingəçevir Dövlət Dram Teatrının killektivinin fevral ayının 17 və 18-də Milli Akademik Dram Teatrının səhnəsində oynadıqları Qənbər Şəmşiroğlunun “Canininin etirafı” (iki hissəli məhəbbət odas) tamaşası yəqin ki, tamaşaçıların yaddaşında uzun müddət qalacaq.

Tanınmış nasir, şair, dramaturq, ictimai xadim Qənbər Şəmşiroğlunun adı və soy adı Azərbaycan oxucularına çox yaxşı tanışdır. Elə ilk gündən onun laylası sözlə, sazla yoğrulub. Qənbər müəllimin babası məşhur şair, Ağdabanlı Qurban, atası Dədə Şəmşirdir. Qənbər Şəmşiroğlu “Aşığ Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri, Respublika Ağsaqqallar Məclisinin İdarə Heyyətinin və Azərbacan Yazıçılar Birliyinin üzvüdür. O, uşaq yaşlarından atası Dədə Şəmşirdən sazın, sözün sirrini mükəmməl öyrənib və gənc yaşlarından epik və lirik növlərdə əsərlər yazıb. Roman janrında qələmə aldığı “Caninin etirafı” onun ən uğurlu əsərlərindən biridir. Qənbər Şəmşiroğlu gündəlikləri əsasında ərsəyə gətirdiyi və çap etdirdiyi iki cildlik “Kəlbəcər: ömrüm, həyatım” kitabı da Azəbaycan ictimai mühitinin, ədəbiyyatının XX əsr və XXI əsrin əvvəlləri ilə bağlı böyük tədqiqat işidir. Həm də çox oxunaqlıdır. Çünki Qənbər Şəmşirolu bu iki cidlik kitabında hər bir faktı, hadisəni gözəl ədəbi dillə, maraqlı cümlələrlə oxuculara çatdırır. Onun “Caninin etirafı” romanı kimi, “Bir gözəlin taleyi”, “Bütövləşmək istədim”. “Adam kimi ölməyib”, “Qızlardan muğayat olun” povestləri də maraqlı dialoqlar, yüksək dramatik epizodlarla yazıldığına və buradakı iştirakçıların çoxu xarekterlər səviyyəsinə yüksəldiyinə görə zənnimizcə onların bir çoxunu səhnəyə çıxarmaq olar. Bu əsərlər ssenarilər, kinofilmlər və seriallar üçün də gərəkli materiallardır. Təsadüfi deyil ki, yazıçı-rejissor, Əməkdar incəsənət xadimi, istedadlı rejissor Ağalar İdrisoğlunun Mingəçevir Dövlət Dram Teatrında quruluş verdiyi Qənbər Şəmşiroğlunun “Caninin eirafı” romanı əsasında iki hissəli faciə-məhəbbət odasına Mingəçevir şəhəri və ona qonşu rayonların tamaşaçıları tərəfindən maraqla baxılır. “Caninin etirafı” romanını şair Nəriman Ocaqlı və dramaturq Ağalar İdrisoğlu səhnələşdiriblər.

Bu pyes 1988-1993-cü illərdə respublikamızda baş verən xaos, vətəndaş qırğınına, torpaqlarımızın erməni gavurları tərəfindən necə işğal olumnasına, hakimiyyət üstündə gedən vuruşa, savadsız, səriştəsiz, özündən müştəbeh adamların hakimiyyətə gəlməsinə, rüşvətin tuğyan elədiyi vaxtlara və buna görə bəzi rəhbər və vəzifəli işçilərin cinayətə belə əl atmasına həsr olunub. Çox kəskin, dramatik süjetli bu pyesdə, nakam məhəbbət mötivləri də maraqlı böyalarla, qırmızı xəttlə göstərilir. Bəzi qızlarımızın səbirsizliyi, öz məhəbbətləri uğrunda mübarizə apatmaması və kənar fitfalara uyub özlərini məhv etməsi də pyesdə müəllif tərəfindən ustalıqla işlənilib. Bu pyes həm də 1988-93-cü il hadisələrinə həsr olunan ilk səhnə əsəridir.

Pyesdə əhvalatlar Çıraqlı rayonunda yeni, dörd mərtəbəli xəstəxananın tikilişinin sona yetdiyi hadisə ilə başlayır. Rayonda ilk dəfədir ki, belə böyük sosial obyekt tikilir. Həm də işsizliyin tuğyan elədiyi rayonda 280 nəfərlik iş yerinin açılması da böyük hadisədir. Rayon rəhbərliyi və bu rayonun kuratoru olan yüksək rütbəli adamların da məqsədi həmin 280 nəfərin hər birindən rüşvət alıb, işə götürməkdir.

Bu çirkin niyyətlərini də xəstəxananın baş həkimi Nadirin vasitəsilə reallaşdırmaq istəyirlər. Amma xəstəxana dövlətin büdcəsi hesabına tikildiyinə görə Səhiyyə Nazirliyindən Nadir həkimə qəti tapşırılıb ki, bütün işçilər təmənnasız işə qəbul olunmalı və burada yalnız öz peşəsinin mütəxəssisi olan həkimlər və tibb bacıları işləməlidir. Çünki bu xəstəxana təkcə Çıraqlı camaatına yox, qonşuluqda olan bütün rayonlara da tibbi xidmət etməli, bir növ Regional Diaqnostika Mərkəzi kimi fəaliyyət göstərməlidir. Nadir həkim Səhiyyə Nazirlyinin qorxusundan adamları işə götürəndə pul ala bilmədiyinə görə kəskin hücmlarla üzləşir. Bu hücumların qarşısını həmin binanın memarı və inşaat dəstəsinin rəhbəri Aqil Əlizadə Bakıdakı yaxın qohumlarının vasitəsilə dəf etməyə çalışır. Bunu görən Qəmişli, Tarixzadə, İba və başqa çirkin əməlli adamlar cinayətə əl atıb, Nadiri öldürtdürürlər və bu cinayəti də Aqil Əlizadənin boynuna qoyub, onu 14 il azadlıqdan məhrum etdirirlər.

Bu vaxt xalqın istəyi və təkidilə ulu öndər Heydər Əliyev hakimyyətə gəlir və belə çirkin əməllərlə rayonlara rəhbərlik edənləri vəzifələrindən uzaqlaşdırır. Çıraqlıya rəhbərlik edənlər və bu rayonun güc strukturlarına qarşı cinayət işi qaldırılır. Bu vaxt Nadiri qətlə yetirənlərdən biri, arvadını, onun oynaşını öldürərək ömürlük həbs olunan Əngəl Əvəzin vicdanı dilə gəlir. O, başa düşür ki, günahsız Aqil Əlizadənin həbs olunmasının baislərindən biri özüdür. Məhz buna görə də Respublikanın Baş prokuroruna və Respublika Cinayət Axtarış İdarəsinə məktub göndərir. Məhz bundan sonra həmin dəhşətli hadisə yenidən yoxlanılır. Məlum olur ki, Aqil Əlizadənin heç bir günahı yoxdur. Nadiri Əngəl Əvəz, İbo və onun yaxın qohumu qətlə yetiriblər. Beləliklə, Aqil Əlizadə həbs olunduğu vaxtdan- iki il altı aydan keçəndən sonra bəraət alır və əsl cinayətkarlar cəzalanır. Aqil Əlizadə həbs olunan vaxtı onu sevən Gülcan kənar qüvvələrin felinə, fitfasına uyaraq, Aqilin həbsxanadan çıxmasını gözləmədən anasının uzaq qohumu Şərbət adlı, dilli-dilavər, yaxşı gitara çalıb, mahnılar oxuyan, amma əyyaş bir oğlana nişalanır. Sonda səhv etdiyini başa düşən Gülcan zəhər içərək özünü öldürür...

Tamaşa faciəli notlarla bitsə də, yüksək dramatik epizodlar tamaşanı daha maraqlı və baxımlı edir. Tamaşa yüksək tərbiyəvi əhəmiyyətə malik olduğuna, günümüzün neqativ reallıqlarını yaxşı boyalarla, açıq şəkildə göstərdiyinə görə, həmişə böyük tamaşaçı marağına səbəb olur.

Bu maraqlı səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı Kəmalə Əsgərova, bəstəkarı Eldar Babayev, musiqi tərtibatçısı Elnur Rəsulov, plastik hərəkətlərin quruluşçusi Eyvaz Əliyev, rejissor assistenti Məlahət Ağayevadır. Tamaşada Xalq artisti Ella Yaqubova (Həcər), Əməkdar artistlər Şıxı Yaqubov və Akif Mirabov (Əngəl Əvəz), Əməkdar artist Akif Mirabov və aktyor Təvəkkül Əhmədov ( Müəllif), aktyorlar Təvəkkül Əhmədov (Prokuror), Nəsibxan Əliyev (Şəfi kişi), Elmira İbrahimova, Asim Məmmədov və Firuz Hacıyev (Hakimlər), Afət Əliyeva (Hökümə Bəbirli), Qabil İbrahimli (Nadir), Aydın Quliyev (İbo), Könül Hacıyeva (Gülçiçək), Fəridə Məmmədova (Gülcan), İlqar Rəhimov (Aqil), Paşa Salmanov (Əliş Tarixzadə), Turqut Məsimli (Polis rəisi), Amil Fərzəliyev (Şərbət) və başqaları oynadıqları obrazları tamaşaçılara yüksək səviyyədə təqdim etdirlər.

Həmin günlərdə Bakı tamaşaçıları qarşısında çıxış eləyə bilməyən teatrın başqa aktyorları, aktrisaları - Nargilə Abdullayeva (Gülcan), Hüseyn Mustafayev (Aqil), Məlahət Ağayeva (Həcər), Asim Məmmədov (İbo), Vəfa İsmayılova (Gülçiçək), Elmira İbrahimova (Hakim), Ruhəngiz Abdullayeva ( Hökumə Bəbirli) də çox maraqlı obrazlar yaradıblar.

Beləliklə, çox maraqlı keçən “Caninin etirafı” tamaşası yəqin ki, uzun müddət Bakı tamaşaçılarının da yaddaşında qalacaq.

P.S. Qənbər Şəmşiroğlunun “Caninin etirafı” tamaşası ilə həm də mart ayının 16-da 70 yaşı tamam olacaq, quruluşçu rejissor Ağalar İdrisoğlu bu tamaşanı yubileyinə bir növ ilk töhfə eləyib. Biz də tamaşaçılar və çoxminli oxucularımız adından maraqlı bədii əsərləri, publisist yazıları, məqalələri və teatr tariximizdə quruluş verdiyi rərgarəng tamaşaları ilə həmişə yadda qalan yubiliyarı təbrik edib, ona can sağlığı və yaradıcılıqda daha böyük uğurlar arzu edirik. Ağalar İdrisoğlundan daha yeni maraqlı əsərlər və tamaşalar gözləyirik.

Gülnar TACLI,

Şairə-publisist

Bütün xəbərlər Facebook səhifəmizdə