MEMİM mədəniyyət sahəsində ilin sorğusunu keçirəcək

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) mədəniyyət sahəsində ilin sorğusunu keçirəcək. Mərkəzdən SİA-ya bildirilib ki, qurumun yerli və xarici tərəfdaş təsisatların, habelə digər sahələrin alim və mütəxəssislərinin iştirakı ilə keçirəcəyi “Mədəni-istehlakçı səbəti” adlı pilot sorğusu sahənin sosial-siyasi aktuallığının artmasına, qarşıda duran cari vəzifələrin icrasının rasionallaşmasına, habelə elmi proqnoz metodları vasitəsilə sahənin perspektiv vəzifələrinin müəyyən olunmasına xidmət edəcək. Belə ki, əldə olunacaq ilkin indikatorlar növbəti addımların hansı istiqamətdə atılması üçün zəmin yaradacaq. Mədəniyyət sahəsində ilin sorğusu statusuna iddialı olacaq sözügedən layihənin hər bir mərhələsi barəsində ictimaiyyət geniş şəkildə məlumatlandırılacaq.

Qeyd edək ki, BMT-nin insan inkişaf indeksinə əsasən, hər bir insanın yaşayış minimumunu təmin etmək məqsədilə müxtəlif dövlətlərdə fərqli minimum istehlak səbəti tərtib olunur. İnsanların yaşayışını təmin edə biləcək ərzaq, qeyri-ərzaq malları və xidmətlərə olan tələbatlar qəbul olmuş metod və düsturlarla elmi normalar əsasında müəyyənləşdirilir.

Qaçılmaz qloballaşma prosesləri nəticəsində müxtəlif təhdidlərlə rastlaşan milli identiklik məfhumu, müxtəlif keçid mərhələləri yaşayan ölkələrdə sahələr üzrə müşahidə olunan transformasiya təzahürləri, davamlı yeniləşən sosial reallıq, təhsil formatlarının dəyişikliyi, modernləşmə tendensiyaları, ictimai zövqün həssaslığı, habelə insanın mədəni özünüdərketməsinə, dünyagörüşünə və mədəni seçimlərinə təsir edə biləcək onlarla digər obyektiv səbəbləri nəzərə alaraq, insanın mənəvi ehtiyaclarını ödəyən minimum mədəni-istehlakçı səbətinin müəyyən olunması strateji əhəmiyyət kəsb edən vəzifələrdəndir.

Rəqəmsal texnologiyaların sürətli artım dinamikası müasir dövrdə paytaxt və regionlarda yaşayan orta statistik vətəndaşın minimum mədəni-istehlakçı səbətinin müəyyən olunması mədəniyyət siyasətinin qarşısında duran strateji vəzifələrin icrası prosesinin effektivliyini artıracaq. Eyni zamanda mövcud istiqamətdəki hədəflərə nail olmaq üçün rasional, habelə effektiv metod və mexanizmlərin müəyyən olunması üçün minimum mədəni-istehlakçı səbəti universal alətlərdən biri kimi sayıla bilər. Sözügedən məfhum mədəniyyət siyasətinin davamlılığını təmin edəcək və vəzifələrin icrasına maneə ola biləcək amillərdən də sığortalanmaya xidmət edəcək. Beynəlxalq təcrübəni nəzərə alaraq, mədəni-istehlakçı səbəti eyni zamanda ictimai şüurda düzgün mədəni tələbat və oriyentirlərin formalaşması prosesinə də dəstək göstərmək iqtidarındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...