Sumqayıtda mədəniyyət müəssisələri 2019-cu ilə yekun vurub

Sumqayıtda mədəniyyət müəssisələri 2019-cu ilə yekun vurub

Sumqayıt Regional Mədəniyyət İdarəsi Sumqayıt üzrə mədəniyyət müəssisələrinin 2019-cu ildə fəaliyyətinə yekun vurub. Nazirlikdən SİA-ya verilən xəbərə görə, bu münasibətlə Sumqayıtdakı N.Nərimanov adına Mədəniyyət Mərkəzində İdarənin geniş tərkibdə iclası keçirilib.

Kollektivlə görüşən Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov iclas iştirakçılarını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyləyik Günü münasibətilə təbrik edib, xoş arzularını çatdırıb və il ərzində şəhərin mədəni həyatında yaxından fəaliyyət göstərən özfəaliyyət kollektivlərinin üzvlərinə təşəkkürünü bildirib.

Qeyd edilib ki, 2019-cu il xüsusilə sumqayıtlılar üçün çox əlamətdar olub. Şəhərin 70 illik yubiley tədbirlərinin keçirilməsinin məsuliyyəti daha çox mədəniyyət işçilərinin üzərinə düşüb. “Sevindirici haldır ki, kollektivimiz bu məsuliyyətli işin öhdəsindən şərəflə gəlib”, - deyən rəis il ərzində şəhərin bütün küçə və xiyabanlarının konsert meydançalarını xatırlatdığını vurğulayıb. O, bu işdə əməyi olan hər kəsə təşəkkürünü çatdırıb, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyləyik Günü münasibətilə keçiriləcək bayram tədbirlərinin də yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib.

Daha sonra Mehman Şükürov yeni inşa edilən mədəniyyət müəssisələri haqqında danışıb. Bildirilib ki, Sumqayıtda mədəniyyət mərkəzlərinin əsaslı təmiri, inşası Prezident İlham Əliyevin şəhər sakinlərinə, o cümlədən mədəniyyət işçilərinə verilən ən qiymətli, dəyərli hədiyyə, şəhərin mədəni həyatında yeni bir mərhələdir.

Muğam Mərkəzində muğam gecələrinin, bir-birindən maraqlı konsert proqramlarının təşkilinin nəzərdə tutulduğunu söyləyən M.Şükürov deyib: “İnanıram ki, biz bunun da öhdəsindən layiqincə gələcək, şəhər sakinlərinin və qonaqların zövqünü oxşayacaq, tamaşaçı marağına səbəb olacaq uğurlu layihələrə imza atacağıq”.

Sonda il ərzində keçirilən tədbirlərdə, şəhərin mədəni həyatında fəallıq göstərən özfəaliyyət kollektivlərinin üzvlərinə və gənc ifaçılara Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə fəxri fərmanlar təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə