Azərbaycanın Dövlət Müstəqilliyi Günü Gürcüstanda qeyd olunub

Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin və Mehdiabad Uşaq Musiqi Məktəbinin kollektivləri Gürcüstandan qayıdıblar. Nazirlikdən SİA-ya verilən xəbərə görə, kollektiv Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə təşkil olunan konsertdə iştirak edib.

Məktəbin direktoru, Əməkdar müəllim İkram Manafov bildirib ki, gənc musiqiçilər əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Tbilisi şəhərindəki büstünü ziyarət edib, önünə tər güllər düzərək, xatirəsini ehtiramla anıblar.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovun da iştirak etdiyi tədbirdə çıxış edən Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva 18 oktyabrın Azərbaycan tarixindəki yeri və rolu barədə məlumat verib, müstəqil Azərbaycanın bu gün çiçəkləndiyini, qüdrətləndiyini və möhkəmləndiyini, dünyada layiqli yer tutduğunu qeyd edib.

Tədbir konsert proqramı ilə davam edib. Abşeronlu məktəblilərin ifasında xalq və bəstəkar mahnıları səsləndirilib və milli rəqslərimiz nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə