Nazir vətəndaşları qəbul edib

Mədəniyyət naziri Əbülfəs Qarayev bu gün Quba rayonunda vətəndaşları qəbul edib. SİA-nın məlumatına görə, qəbuldan sonra mətbuata açıqlama verən nazir vətəndaşlar tərəfindən qaldırılan məsələlərin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, regionlarda keçirilən bu cür görüşlər vətəndaşları narahat edən məsələlərin operativ şəkildə həll olunmasına şərait yaradır.

Nazir həmçinin ölkəmizin bədii təhsil müəssisələrinə müəllimlərin işə qəbulu ilə bağlı məlumat verib. Qeyd edib ki, bu yaxınlarda Mədəniyyət Nazirliyi sistemindəki uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərinə 2019/2020-ci tədris ili üçün pedaqoji kadrların işə qəbulu üzrə müsabiqəyə yekun vurulub. Nəticədə 120 nəfərdən çox müəllim müvafiq təhsil ocaqlarında işə qəbul edilib.

Əbülfəs Qarayev kitabxana və klubların idarə olunması istiqamətində keçirilən islahatlara toxunaraq vurğulayıb ki, bu qəbildən mədəniyyət müəssisələrinin işinin müasir tələblər səviyyəsində qurulması ilə bağlı yeni layihə hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə