"Xarici ölkələrin çoxunda hər insanın psixoterapevti olur" - MÜSAHİBƏ-ÖZƏL

"Xarici ölkələrin çoxunda hər insanın psixoterapevti olur" - MÜSAHİBƏ-ÖZƏL

İnsanların psixoloji durumu hər zaman maraqlı məqamlardan olub. Davranışlarımızı necə idarə etmək isə həyat təcrübəmizin və sinir sistemimizin fəaliyyəti ilə birbaşa əlaqəlidir. Tanınmış psixoloq Elmir Əkbər bu barədə SİA-ya maraqlı müsahibə verib. Söhbətimizi oxuculara təqdim edirik.

- Elmir bəy, son zamanlar insanlarda psixi gərginlik artmaqdadılr. Depressiyadan əziyyət çəkənlər də az deyil...Vətəndaş hansı halda psixoterapevtə müraciət etməlidir?

- Əvvəlcə onu deyim ki, xarici ölkələrin çoxunda hər bir insanın, ailənin psixoloq və yaxud psixoterapevti olur. Amma Azərbaycanda bunlar olmadığına görə insanlar problemin ciddi həddində bizə müraciət edirlər. Əgər heç bir əsası olmadan insan psixoloji narahatlıq keçirirsə, o, mütləq psixoterapevtə müraciət etməlidir. İnsanın orqanizmində yaranan bütün xəstəliklər sinir sistemi, psixologiya ilə bağlıdır. Son illər Avropada astma, ürək, mədə-bağırsaq xorası və digər bir çox xəstəliklər psixoterapevtlər tərəfindən müalicə edilir. Hətta infeksion xəstəliklərin belə sinir sistemi ilə bilavasitə əlaqəsinin olduğu sübuta yetirilib.

- Elmir bəy, belə bir məlumat oxumuşdum: İki eyni adam infeksiya olan otağa daxil olur və bir müddət sonra onların biri xəstələnir, digəri yox. Bu, nəyə görədir?

-Çünki birində immunitet yüksəkdir, digərində zəif. İmmuniteti isə sinir sistemi tənzimləyir. Bizə ən narahat, özünü ən pis hiss edən insanlar müraciət edirlər. Ola bilər ki, insanın ürəyi, ciyəri xəstədir, ancaq normal həyat tərzi keçirir özünü xoşbəxt də hiss edir. Psixoterapevtik insanların da daxilində sıxıntı hissi olur. Ona görə də bir də görürsən, insanın işləri uğurla gedir, səhhəti ilə bağlı problemi yoxdur, ancaq özünü xoşbəxt hiss eləmir. Çünki psixoloji problemləri var. Belə halda mütləq psixoterapevtə müraciət olunmalıdır. Vəziyyətin daha da ağırlaşmasına imkan vermək olmaz. Ölkəmizdə intihar edənlərin çoxu da məhz həmin ağır vəziyyətdən çıxış yolu tapa bilməyənlərdir. Hər kəs zaman-zaman əhvalında dəyişiklik, bədbinlik, ruh dükünlüyü hiss edə bilər. Ancaq həftələrcə davam edən hüzn, ümidsizlik, ya da gündəlik fəaliyyətlərə qarşı maraqsızlıq depressiyaya gətirib çıxarır. İnsanların həyatda yaşadıqları hər hansı bir psixoloji travma, uzun müddət davam edən yaşanan narahat həyat tərzi, insanın təmin olunmayan maddi və mənəvi ehtiyacları, yaxın adamının itkisi və diğər səbəblər depressiyalar yaradır. Lakin mütəxəssislər hesab edirlər ki, depresiyaya dəhşətli bir hadisə kimi yanaşmaq, bunu anormal hal kimi qəbul etmək düzgün deyil. Bu, hər bir insanda baş verə bilər. Əsas odur ki, vaxtında aşkar edilsin və lazımi tədbir görülsün.

- Bəs, depressiyanın gizli forması varmı?

- Elə depressiya növü var ki, bu, “maskalanmış” depresiya adlanır. Klassik depresiyanın əlamətləri olan əhval -ruhiyyənin pozulması, insanın düşüncəsinin və hərəkətlərinin ləngiməsi kimi halların heç biri “maskalanmış” depresiyada müşahidə olunmur. Yaxud da depressiya özünü baş ağrıları, oynaq ağrıları, xroniki ağrılar, ürək ağrıları hətta astma xəstəliyi kimi də biruzə verə bilir. Ruhi pozuntu ilə müşahidə olunan depresiya isə psixiatrik depresiyadır. Depressiyaya səbəb olan amillər isə müxtəlifdir. Onun üç əsas əlaməti mövcüddur: Əhval-ruhiyyənin aşağı düşməsi, hərəkətin ləngiməsi, düşüncənin və ya nitqin azalması. Bundan əlavə, çoxlu sayda digər əlamətlər də var və onlar depressiyanın yenicə yarandığından xəbər verir. Əgər insan hiss edirsə ki, artıq həyat ona əvvəlki maraqlı deyil, sanki həyatın ləzzəti itib, hər şeyin rəngi qaçıb bunlar artıq xəbərdarlıqdır. Bu cür halı keçirən insanlara qarşı diqqət göstərilməli, onlar qayğı ilə əhatə olunmalıdırlar. Vaxtında aşkar olunduqda depressiya sağalır və psixoz vəziyyətinə gətirib çıxarmır. Əks halda, insan öz həyatına qəst də edə bilər. Təbii ki, depressiyadan qurtulmağın yolları da mövcüddur. Bunun üçün idmanla məşğul olmaq, əsəbi mühitdən uzaqlaşmaq, həyata maraq və anlam qatmaq və ən əsası sevdiyiniz işlə məşğul olmaq mütləqdir.

Müəllif: Jalə

Bütün xəbərlər Facebook səhifəmizdə