Bakıda opera ulduzlarının konserti olacaq

Bakıda opera ulduzlarının konserti olacaq

Martın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Coakkino Rossininin “Sevilya bərbəri” operası nümayiş olunacaq. SİA-nın məlumatına görə, səhnə əsərində Fiqaro partiyasını ifa etmək üçün Opera və Balet Teatrının rəhbərliyi, Hamburq Dövlət Operasının (Almaniya) və Moskvanın “Novaya opera” Teatrının solisti, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Aleksey Boqdançikovu dəvət edib.

Rusiyalı vokalçı ilə yanaşı, operada teatrın solistləri - Xalq artistləri Fidan Hacıyeva (Rozina), Əli Əsgərov (Don Bazilio), Əkrəm Poladov (doktor Bartolo), Əməkdar artistlər Fərid Əliyev (qraf Almaviva), Tural Ağasıyev (Fiorello), həmçinin solistlər Nina Makarova (Berta) və Firus Məmmədov (zabot) çıxış edəcəklər.

Qeyd edək ki, səhnə əsəri Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı Əyyub Quliyev tərəfindən idarə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə