21 sentyabr saat 19.00-da Heydər Əliyev Sarayında Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində SSRİ Xalq artisti, görkəmli bəstəkar Murad Kajlayevin müəllif gecəsi keçiriləcək. SİA-nın məlumatına görə, gecədə Rusiyanın Xalq artisti, dirijor Murad Annamamedovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası çıxış edəcəklər.
Konsertdə bəstəkarın Nizami Gəncəvi mövzusuna “Simfonik freskalar”, “Mahnı belə yaranır” xor silsiləsindən 2 fraqment, “İmam Şamil” simfonik illüstrasiyalar, “Vətən səhəri” simfonik fantaziyası, “Zirvəyə doğru” orkestr üçün pyes, truba üçün “Qədim üslubda pyes” (solist İsrafil Rəsulov) və truba və simli orkestr üçün romansı səslənəcək.
Festival çərçivəsində 24 sentyabr saat 16.00-da “Xəzər” Universitetinin Fikrət Əmirov adına konfrans-konsert salonunda Murad Kajlayev ilə yaradıcı görüş təşkil olunacaqdır. Tədbirdə Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə “Xəzər” Universitetinin kamera orkestri (bədii rəhbər Zülfiyyə Sadıqova), solistlər Səbinə Vahabzadə (vokalçı), Rəşidə Behbudova (vokalçı), İsrafil Rəsulov (truba) və Səidə Tağızadə (piano) çıxış edəcəklər.
Murad Kajlayev Dağıstan musiqisinin banilərindən biridir. Bəstəkarın yaradıcılığı vətəninin musiqisi, tarixi, zəngin folkloru ilə ayrılmaz surətdə bağlıdır. O, 1931-ci ildə Bakıda anadan olub. Musiqi istedadı üzə çıxdıqdan sonra Bülbül adına orta ixtisas musiqi məktəbinə daxil olub. Artıq 12 yaşında Böyük Vətən Müharibəsi illərində hospitallarda yaralı əsgərlər qarşısında ilk əsəri ilə fortepianoda çıxış edib. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə (professor B.İ.Zeydmanın sinfi) bitirib. Eyni zamanda dirijorluq ixtisası üzrə ilk təcrübəsini Niyazidən alıb. Təhsil aldığı illərdə Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olmuş və əsərləri konsert proqramlarında ifa olunmağa başlayıb. Murad Kajlayev 68 il bəstəkarlıq fəaliyyətinə malik ictimai xadimdir. Onun əsərləri dünyanın bir çox ölkələrində səslənir.
Geniş yaradıcılıq diapazonuna malik olan sənətkar öz istedadını musiqinin müxtəlif janrlarında sınamış, simfonik, instrumental və kamera əsərləri yaratmış, həm kino, həm də teatr sənətinə layiqli töhfəsini verib. O, 400-dən çox əsərin müəllifidir. Onlardan “Dağıstan” simfoniyasını, caz-orkestri üçün “Afrika” konserti, “Dağlı”, “Mənim məhəbbətim, mənim kədərim”, “İmam Şamil” baletlərini, “Validə”, “Yer kürəsi və səma” müzikllərini, uvertüralar, mahnı və romanslar, tamaşalara musiqi, uşaqlar üçün əsərlər, xor əsərlərini qeyd etmək lazımdır.
Sənətkarın gənc nəslin yetişdirilməsində xidmətləri danılmazdır. 20 ildən çox bir müddət ərzində o, Dövlət Teleradiosunun Akademik Orkestrinə rəhbərlik edib. Onun bədii rəhbərliyi ilə orkestr yüksək mükafat və adlara layiq görülüb.
Murad Kajlayev 2008-ci ildə Dağıstanda İncəsənət məktəbini yaratmışdır. Hazırda bu məktəb bəstəkarın adını daşıyır. Azərbaycan musiqi mədəniyyətinin təbliğindəki müstəsna xidmətləri nəzərə alınaraq 2016-cı ildə o, Azərbaycan Respublikası Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB