“Ten” rəqs tamaşasını təqdim edir

“British Council Azərbaycan” Böyük Britaniyanın ölkəmizdəki səfirliyi, “YARAT” Müasir İncəsənət Məkanı və Nizami Kino Mərkəzi ilə əməkdaşlıq və tərəfdaşlıq şəraitində "Deaf Men Dancing" rəqs ansamblı tərəfindən səhnələşdirilmiş “Ten” rəqs tamaşasını təqdim edir.

SİA-nın məlumatına görə, “British Council”ın “Unlimited" proqramının tərkib hissəsi kimi həyata keçirilən bu layihə incəsənət fəaliyyəti ilə məşğul olan məhdud imkanlı insanların məkanlara, prodüserlərə və qərar qəbul edən məmurlara çıxışının təmin edilməsi və bu insanların inklüziv əsər yaratmaq və təqdim etmək bacarıqlarının inkişaf etdirilməsi yolu ilə onları dəstəkləyir.

Tamaşa fiziki imkanları məhdud olan və olmayan insanların birlikdə çalışıb çətinliklərin öhdəsindən birgə gəlməsi və inanılmaz cazibəyə malik incəsənət əsərləri yaratmasının bariz nümunəsidir.

“British Council Azərbaycan”ın direktoru Elizabet Uayt bu barədə deyib: “Rəqs tamaşası həm sizə zövq verəcək, həm də sizi rəqs və ünsiyyət barədə ətraflı düşünməyə sövq edəcək”.

“YARAT” Müasir İncəsənət Mərkəzində “Ten” adlı rəqs tamaşası martın 12-də, Nizami Kino Mərkəzində isə martın 13-də nümayiş olunacaq. Martın 9-da Gənc Tamaşaçılar Teatrında “Bir günəş altında” tamaşasının premyerası olacaq. Tamaşa, həmçinin martın 13-də Nizami Kino Mərkəzində, martın 15-də isə “YARAT” Müasir İncəsənət Məkanında da nümayiş olunacaq.

“Deaf Men Dancing” rəqs ansamblının bədii rəhbəri xoreoqraf və rejissor Mark Smitdir. Ansambl eşitmə qabiliyyəti məhdud olan peşəkar rəqqasları bir araya toplayır. Birlikdə onlar unikal, maraqlı və orijinal estetika nümunəsi ərsəyə gətirməklə yanaşı, xoreoqrafiya elementləri və işarə dili ilə zənginləşdirilmiş müxtəlif rəqs üslublarının birləşməsini yaradır. Ansamblın bədii rəhbərin Mark Smit dizayner Rayn Douson Leyt və bəstəkar Şon Çandler ilə əməkdaşlıq şəraitində onların "Ten" adlı yeni rəqs tamaşasını qürurla təqdim edir. Bu rəqs nömrəsi Lorel və Hardi, Flanaqan və Allen, Morkamb və Uays, Ebbott və Kostello, Qilbert və Corc kimi duetlərdən ilhamlanaraq hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə