"Sərgi təşkil etməyə sponsor tapa bilmirəm" MÜSAHİBƏ

"Sərgi təşkil etməyə sponsor tapa bilmirəm" MÜSAHİBƏ

SİA Əməkdar rəssam Rafael Muradovun müsahibəsini təqdim edir:

- Özünüzü oxuculara təqdim edərdiniz...

- 1943-cü ildə Buzovnada dünyaya göz açmışam və orta məktəbi də orada bitirmişəm. Dostum Əlövsətlə rəssalığın əlifbasını öyrənirdik. 3 il sənəd verdik. Bir il balımız çatmadı, bir il kəsildik, üçüncü il axır ki qəbul olduq (gülür). 1966-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirən kimi elə həmin ildə ilk sərgim təşkil etdim. İlk sərgim 1966-cı ildə olub. Həmin sərgidə 2 rəsmim nümayiş olundu. Biri rəngkarlıq, biri qrafika idi. Elə həmin ildən Respublika və Ümumittifaq sərgilərində iştirak etməyə başladım. 1970-ci ildə Zaqafqaziya ölkələri rəssamlarının, 1988-ci ildə xəzəryanı ölkə rəssamlarının sərgisində iştirak etdim. 1976-cı ildə Rəssamlar İttifaqına qəbul edildim.

- Yaradıcılıq sahələri irsi olur. Bu fikirlə razısınızmı?

- Bizdə rəssam olmayıb. Atam kolxozda, sovxozda işləyib. Anam da evdar xanım olub. Bəlkə də neçə nəsil öncədən olub, bilmirəm. Amma bildiyim bir şey var ki, rəssamlıq insanın canında olmalıdır.

- Bir az keçmişə səyahət edək. Sizin uşaqlığınız, gəncliyiniz Bakıda və onun kəndlərində keçib. Hansı günləriniz yadınıza düşəndə kövrəlirsiniz?

- Ən yaralı yerimə toxundunuz. İndi heçnəyi qaytara bilmərik. Sözsüz ki, keçmiş keçmişdə qaldı. Amma uşaqlıqda dostumla gedirdik dəniz qırağına, ayaqların qumun üstündə yanırdı, onun yerini heçnə vermir. Əvvəllər Buzovnada qum tayaları olub. İndi onlar yoxdu. Yerində qazon, daş pilitlər var.

- Buzovnanı “Rəssamların Hollivudu” adlandırırsınız...

- İllər öncə Buzovnaya bir çox rəssamlar gəlirdi. Buzovna Hollivuda bənzəyirdi. “Rəssamların Hollivudu”. Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Fərhad Xəlilov, Əlövsət Əliyev, Saqqal Arif (Arif Əsgərov - mənim müəllimim olub, o vaxt icazə verilmirdi, saqqal saxladığına görə ona elə deyirdilər). Arifin üzərimdə böyük zəhməti olub. Mənə rəssamlığın əlifbasını öyrədib. Mircavad böyük karifey rəssamımızdır. İşlərimi ilk ona göstərirdim. Mircavad Cavadov, Rasim Babayev, Kamal Əhməd kimi məşhur simalar Buzovnaya gəlirdi. “Hollivudu”muz belə yarandı.

- İstərdim “Abşeron məktəbi”ndən danışasız.

- Buzovnaya toplanan Abşeron rəssamları məktəbi yaratmağa başladılar. Maraqlıdır ki, Abşeron rəssamlarının heç birinin dəsti-xətti bir-birinə bənzəməzdi. Kim həyatı necə görür, necə qavrayır elə də yaradırdı. Amma hamısı Abşeronda işləyirdi. Bir növ biz işlərimizdə Abşeronu yaradırdıq. Mən hər zaman istəyirdim ki, əsərimə baxan kimi bilinsin ki, bu Abşeron rəssamının əsəridir. Bu rəssamların hərəsinin öz dəsti-xətti vardı. Səttar Bəhluzadə tamam başqa yönümdə rəssam idi. Toğrul Nərimanbəyovun tamam başqa dəsti xətti vardı. Bir əsəri vardı “Buzovnada toy” onu bu yaxında gördüm. Buzovnaya gələndə elə bil buranın ab-havasıını götürürdü. Toğrul Nərimanbəyov dünyasını dəyişmədən 1 il öncə bizə gəldi, görüşdük. Keçmişi yada saldıq. O, sonra Fransaya getdi və orda da vəfat etdi. Məsəlçün Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov Buzovnada ev tutmuşdu, yaşayırdı. Əlövsət Əliyevin bağı vardı. Arifin evi burdaydı. Hətta başqa ölkələrdən də eşitmişdilər ki, məktəb yaranıb, gəlib maraqlanırdılar. 1989-cu ildə Böyük simpozium keçirildi, Almanlarla tanış olduq. Böyük bir sərgi yaradıldı. Alman dəsti-xətti başqadır. Amma Abşeronu görəndən sonra onlar da tamam başqa cür işləməyə başlayırdılar. Almanlarla 12 il yaradıcılıq əlaqəmiz oldu. Təəssüf ki, yavaş-yavaş dünyasın dəyişənlər, aradan çıxanlar oldu. Buna görə də məktəb inkişaf etmədi.

- Sənətinizin çətinlikləri nədən ibarətdir?

- Rəssamın ən birinci çətinliyi boya, kağız, ləvazimatlardır. Bir dəfə sual verdilər mənə ki, rəssamlar pensiyaya çıxır? Dedim yox. Rəssam pensiyaya çıxdı daha nə oldu? Bir rəssam olur. Uzun müddət görünmür. Narahat olur yaxınları. Axtarırlar onu. Rəssamın evinə gəlib, qapını sındırırlar. Görürlər ki, oturub əlində fırça. Sən demə neçə gün öncədən dünyasın dəyişib. Rəssamın karandaşı, fırçası, kağızı olmalıdır.

- Bu sənətlə məşğul olanların hansı problemləri, çatışmazlıqları sizi daha çox narahat edir?

- Həyatda bir problemim olub. Məşhur alimlərdən birinin belə bir fikri var ki, deyir mənə bir nöqtə verin, istinad nöqtəsi, mən bu yer kürəsini bütünlüklərlə fırladaram. Tək problemim çoxlu rəng, kətan çatışmazlığı, rəngə qarşı bir aclığım olub. Rəngləri su kimi içmək istəmişəm.

- Rəssam olmanız hansı plan və məqsədlərinizin üstündən xətt çəkib?

- Məsəlçün istəmişəm etüdə gedim, amma başqa iş çıxıb.

- Rəssamın üzləşdiyi sosial problem onu sənətdan ayrı sala bilər?

- O rəssam ki, sosial problem onu yıxdı, demək onun içində rəssamlıq hissi yoxdur. Rəssamlıq mikrob kimidir. Adamın bədəninə yeriyir. O ki, bir az əlinə pul gəldi, pulla sağaldı, o rəssam olmayıb.

- Sənəti əsas dəyərə çevirmək üçün cəmiyyətin üzərinə hansı işlər düşür?

- Bir tərəfdən özümü xoşbəxt hiss edirəm ki, o vaxt 60-cı il rəssamlarını görmüşəm, onlarla işləmişəm. İndiki dövrdə internet çıxandan rəssamlıq çox zəifləyib. Baxıb, işi köçürüb, sərgiyə qoyurlar. Həmin əsərə baxanda bilirsən ki, internetdəndir. Bəs rəssamlıq harda qaldı? Gərək rəssamın beynində nəsə olsun. Həyatda o qədər hadisələr var ki, insan baxıb nəsə götürür. Rəssamlıq yükü ağırdrı. O, yükü gərək məsuliyyətlə daşıya biləsən.

- Əvvəllər rəssamlar molbertini də çiyninə atıb, gedirdi təbiətin qoynunda, açıq havada rəsm çəksin. İndi nəsə belə hala az rast gəlinir. Ümumiyyətlə emalatxanada çəkilən rəsmlər açıq havada çəkilən əsərlər arasında fərq var?

- Həmin rəssamlar adları hazırda qırmızı kitaba düşüb (gülür). Mən indi də etüdə gedirəm, mənzərə çəkirəm. Abşeronun evlərini çəkirəm. Məndə olan işlərin 15-20-si var ki, o yerlər hazırda yoxdur. Yollar, evlər var ki, indi sökülüb. Onları yerində villa tikiblər.

- Rəssamı ilk növbədə dövlət yoxsa xalq qiymətlindirməlidir?

- İkisi də qiymətləndirəndə daha möhkəm olur. Mən 2002-ci ildə Azərbaycan Respublikasının "Əməkdar fəxri" adına layiq görülmüşəm. Dövlət gənc və 60-dan çox rəssama stependiya ayırıb. O pulla gənclər yaradıclıqla məşğul olur.

- Xatirələr əsasında portret çəkmək nə dərəcədə uğurlu alına bilər?

- Xatirələr əsasında bir nəfər mənə 2 iş vermişdi. Zülfüqar Şirvanini və İzzətdin Həsənoğlunu yaratmalı idim. Mənə sadəcə kağız vermişdilər. Şeirləri, qəzəlləri əsasında o obrazları yaratdım. Bir müddət əvvəl bir nəfər gəlmişdi ki, atamın şəklini çək. Atası 30-cu illərdə xeyirxah insan olub. Atasının da şəkli yox idi. Onun təsvirləri əsasında atasının portretini yaratdım.

- Mark Rotkonun rəng zolaqlarından ibarət məşhur əsərləri hərraclarda həmişə milyon dollarlara alınıb. Hətta sosial şəbəkələrdə də dəfələrlə müzakirə olunub...

- Çox olub. “Qara çərçivə” (Çornıy kvadrat) əsəri neçə min funt sterlenqə satılıb. Əsər sadəcə qara kvadratdır. Mən də deyirdim, bu qara kvadratda nə var? Sən demə kvadratın altında rəssam hamam işləyirmiş. Sonra üstünü örtüb qaraldıb (gülür).

- Sizin üçün palitrasız və rəngsiz həyat nədir?

- İnsan baxar daş-divara çıxıb, gedər. Mənasız həyatdır.

- Bir az əsərlərinizdən danışın..

- “Buzovna mənzərəsi” adlı əsəri hələ arzuladıqlarımın tam özü deyildi. O vaxtlar əslində həyatın özünün necə vardısa təsviri idi. Əsər uydurulmuş yox, gündəlik görünən motivləri əks etdirirdi. Yaradıcılığımda qrafikaya da üstünlük verirəm. Buzovna, Qala, Maştağa və Bilgəh təbiətinin dəyişgən mənzərəsinin əks olunduğu tabloları bütün janrlarda yaradılan əsərlərə aid etmək olar. “Köhnə Qala”, “Günəşli gün”, “Abşeron”, “Xəzri”, “Bahar”, “Fəsillər” belə əsərlərindəndir..

- Elə bir əsər olubmu ki, ərsəyə gətirə bilməmisiniz?

- Həmişə istəmişəm oturub-durduğum rəssamların birlikdə rəsmini çəkim. Amma hələ də onu yarada bilməmişəm. Amma Allahın izni olsa, onu yaradacam.

- Yenidən sərgi təşkil etmək istərdinizmi?

- Bir dəfə sərgi təşkil etdim. Bu dəfə sponsor tapa bilmədim. Öz hesabıma martın 1-i sərgi təşkil edəcəm.

- 75 yaş rəssam üçün nə deməkdir?

- Allahın verdiyi ömürdür. Tez-tez çönüb geriyə baxıram ki, nə yolu keçmisən? İşlərim çoxdur. Amma sərgiyə əllisini qoyacam. Təkcə yüzə qədər qrafikam var. Rəssam var ancaq pula işləyir. Portretlər çəkir. Mən pula işləməmişəm. Boğazımdan kəsmişəm, bu gün qara çörək yeyim, ancaq pulu verim rəngə demişəm. Şikayətim yoxdur. Emalatxanaya girirəm, görürəm nə qədər iş var. Bir dostum var deyir ki, sənin işlərin öləndən sonra satılacaq (gülür).

Bütün xəbərlər Facebook səhifəmizdə