"Savalan" qrupunun bədii rəhbəri nədən gileyləndi? AÇIQLAMA-FOTOLAR

"Savalan" qrupunun bədii rəhbəri nədən gileyləndi? AÇIQLAMA-FOTOLAR

"Savalan" qrupunun bədii rəhbəri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aktyoru Novruz Novruzlu hər kəsin marağına səbəb olacaq açıqlama verib. SİA-ya danışan N.Novruzlu ona qarşı edilən hörmətsizlikdən söz açıb: "Bildiyiniz kimi, "Hicaz" qrupu ilə birgə "Uzun incə bir yoldayam" adlı solo konsert verəcəm. Buna görə bir müddət öncə Beynəlxalq Muğam Mərkəzinə müraciət etdim. Oranın rəhbərliyi tərəfindən mənə xoşagəlməz cavab gəldi. Rəhbərlik daha sonra mənə etdikləri səhvi anladı və konsertimi Beynəlxalq Muğam Mərkəzində verməyimi istədilər. Artıq mən orda konsert verməkdən imtina etdim".

Sənətçi 18 gündən sonra baş tutacaq konserti haqda geniş məlumat verib: " "Hicaz" qrupu ilə birgə "Uzun incə bir yoldayam" adlı solo konsertim baş tutacaq. Konsert zamanı 26 mahnı səsləndirəcəm. Həmin gecə məni dinləməyə gələn insanlarla səmimi münasibət quracam. Konsertə gələnləri bir çox sürprizlər gözləyir. Hər kəsi konsertimə dəvət edirəm".

Nəzərinizə çatdıraq ki, "Uzun incə bir yoldayam" adlı konsert Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, mart ayının 18-də, saat 19:00-da baş tutacaq. Konsertə biletləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından, şəhərin kassalarından və ASAN xidmətdən əldə edə bilərsiniz.

Qeyd edək ki, konsertin informasiya dəstəyi "Səs İnformasiya Agentliyi"nə və "Kaspi" qəzetinə aiddir.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə