“Azərbaycanın rənglər dünyası Abu-Dabidə”

Oktyabrın 17-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında “Azərbaycanın rənglər dünyası Abu-Dabidə” adlı gənc qadın rəssamlarımızın əsərlərindən ibarət sərgi açılacaq. SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin yardımı ilə keçiriləcək sərgi “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi tərəfindən təşkil edilir. Sərgidə gənc rəssamlar Nərminə Vəliyeva, Zəhra Məmmədova, Ayan Nəbiyeva, Roza Ələkbərova və Sofiya Rəsulovanın əsərləri nümayiş ediləcək. Layihənin həyata keçirilməsində məqsəd Abu-Dabi ictimaiyyətini Azərbaycan mədəniyyəti və incəsənəti ilə yaxından tanış etmək, ölkəmizin gözəlliklərini və inkişafını, gənc qadın rəssamlarımızın yaradıcılıq potensialını nümayiş etdirməkdir. “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva bildirib ki, respublikamızın dövlət müstəqilliyi günü və Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü ərəfəsinə təsadüf edəcək bu sərginin təşkilinə ölkəmizin Abu-Dabidəki səfirliyi böyük yardım göstərir. Gənc qadın rəssamlarımızın əsərləri şəhərin məşhur otellərindən birinin foyesində nümayiş olunacaq.

Xatırladaq ki, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə ABŞ, Avstraliya, Almaniya, İtaliya, Macarıstan və Lüksemburqda da oxşar mədəniyyət tədbirləri təşkil edib.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...