Professor Cahangir Qəhrəmanovun 90 illik yubileyi qeyd edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Əməkdar Elm Xadimi, professor Cahangir Qəhrəmanovun anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə bu elm müəssisəsi direktorunun elmi işlər üzrə müavini, professor Aybəniz Əliyeva-Kəngərli alimlə bağlı xatirələrini bölüşüb: “Mən o zaman Ədəbiyyat Muzeyində işləyirdim, bizim hesabatlarımızı ekspert kimi C.Qəhrəmanov yoxlayırdı. Bu qısa görüşlərdə mən onun necə qayğıkeş, mehriban insan olduğunu hiss edirdim. Onun xatirəsi hamımızın qəlbində daim yaşayacaq”, - deyə direktor müavini bildirib. İnstitut direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimiov “Cahangir Qəhrəmanovun həyat və fəaliyyəti barədə” mövzusunda məruzə ilə çıxış edib. O, C.Qəhrəmanovun Əlyazmalar Fondunun instituta çevrilməsindəki xidmətlərini yüksək dəyərləndirib.

Tarix elmləri doktoru Tahirə Həsənzadə “Cahangir Qəhrəmanov irsinin öyrənilmə tarixindən” mövzusunda məruzəsi dinlənilib.

Akademiklər Vasim Məmmədəliyev, Möhsün Nağısoylu və digər çıxış edənlər alimin elmi və ictimai fəaliyyətindən, mütəxəssis və kadr yetişdirmək sahəsində gördüyü işlərdən söz açıblar. Sonda alimin oğlu Elçin Qəhrəmanov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.(AZƏRTAC)

Bütün xəbərlər Facebook səhifəmizdə