Lənkəran teatrında yeni mövsümün vəzifələri müzakirə olunub

Lənkəran teatrında yeni mövsümün vəzifələri müzakirə olunub

Sentyabrın 5-də Lənkəran Dövlət Dram Teatrında yeni mövsümün vəzifələrinə dair kollektivin ümumi yığıncağı keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan teatrın direktoru Tofiq Heydərov əvvəlcə ötən mövsümün yekunlarına nəzər salaraq əldə olunan nailiyyətləri bir daha yada salıb. Bildirilib ki, ötən mövsüm teatr üçün uğurlu keçib. Kollektiv İranın Rəşt şəhərində Bəhram Beyzayinin “İlan Sultan” tamaşası ilə qastrol səfərində olub. Cari ilin noyabr ayında isə teatrın truppası Qazaxstanın Aktau şəhərinə qastrol səfərinə gedəcək. Hazırda səfərin detalları dəqiqləşdirilir.

Qeyd olunub ki, teatrda rejissor, Əməkdar artist Adil Zeynalovun quruluşunda Ə.Haqverdiyevin “Xortanın cəhənnəm məktubları” əsəri tamaşaya hazırlanır. İlin sonuna kimi daha bir neçə səhnə əsərinin hazırlanması da nəzərdə tutulub.

İclasda kollektivin üzvləri təklif və mülahizələrlə çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə