İclasda nazirliyin nümayəndəsi iştirak edir

İclasda nazirliyin nümayəndəsi iştirak edir

Çin Xalq Respublikası Hökumətinin ev sahibliyi ilə Çendu şəhərində təşkil olunan “Qeyri-maddi mədəni irsin qorunmasına dair YUNESKO Konvensiyası”nın nəticələrinin ümumi strukturunun işlənib hazırlanması üzrə açıq tərkibdə hökumətlərarası işçi qrupunun iclasında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyini Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin Xalq yaradıcılığı və qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli təmsil edir. SİA-nın məlumatına görə, “Qeyri-maddi mədəni irsin qorunmasına dair YUNESKO Konvensiyası”nın tərəfdaş dövlətlərinin, YUNESKO-nun nəzdində fəaliyyət göstərən qeyri-maddi mədəni irsin qorunması mərkəzlərinin, bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən YUNESKO-nun hökumətlərarası işçi qrupunun sözügedən iclası zamanı “Konvensiyanın ümumi nəticələr çərçivəsinə doğru", “Effektiv göstəricilərin müəyyən olunması”, “Ümumi nəticələr çərçivəsinin dövri hesabat ilə əlaqələndirilməsi”, “Əlavə informasiya mənbələrinin səfərbər və toplanmış məlumatların istifadə edilməsi” və bu kimi məsələlərin müzakirəsi aparılıb Qeyri-maddi mədəni irsin qorunması üzrə YUNESKO-nun Hökumətlərarası Komitəsinə müvafiq hesabatın təqdim olunması nəzərdə tutulub.

Azərbaycan Respublikası Qeyri-maddi mədəni irsin qorunmasına dair YUNESKO Konvensiyasının həyata keçirilməsində fəal iştirak edir, Konvensiyanın tələblərinə müvafiq olaraq öz ərazisində qeyri-maddi mədəni irsin müxtəlif elementlərini eyniləşdirir və müəyyən edir, qeyri-maddi mədəni irsin qorunmasını təmin etmək üçün zəruri tədbirlər görür, müvafiq proqram və layihələr həyata keçirir. "Azərbaycan muğamı", "Azərbaycan aşıq sənəti”, "Novruz", "Ənənəvi Azərbaycan xalçaçılıq sənəti", "Tar və onun ifaçılıq sənəti”, "Ənənəvi kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması", “Lahıcın misgərlik sənəti”, “Nazik çörəyin hazırlanma və paylaşılma mədəniyyəti: lavaş, katrıma, jupka, yufka” kimi qeyri-maddi mədəni irs nümunələri Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə YUNESKO-nun Reprezentativ Siyahısına, "Azərbaycan Respublikasında çövkən ənənəvi Qarabağ atüstü oyunu" Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs üzrə YUNESKO-nun Siyahısına daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə