Azərbaycan Dövlət Uşaq Filarmoniyasında möhtəşəm yekun konserti FOTOLAR
Hər il olduğu kimi bu il də Azərbaycan Dövlət Uşaq Filarmoniyası möhtəşəm yekun konserti ilə tədris ilinin sonuna öz nöqtəsini qoyub. SİA-nın məlumatına görə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində çıxış edən kollektiv il ərzində öyrəndiklərini tamaşaçılara təqdim edib. Artıq uzun zamandır ki, bu konsertə hazırlaşan Azərbaycan Dövlət Uşaq Filarmoniyasının kollektivi və rəhbərliyi uşaqlar qədər sevincli və həyəcanlı idi. Səhnə arxasında olan hazırlıq, məşqlər bunu açıq sübut edib.
Proqram olduqca zəngin və rəngarəng olub. Multikultural dəyərlərə hər zaman xüsusi diqqətlə yanaşan Azərbaycan Dövlət Uşaq Filarmoniyası bu dəfə də ənənəsinə sadiq qalaraq Azərbaycan xalq rəqsləri, Azərbaycan bəstəkar əsərləri ilə yanaşı dünya xalqlarının rəqs və mahnılarına da müraciət edib. Bu dəfəki konsertin həm aparıcıları, həm də iştirakçıları məhz uşaqlar özləri olublar. Proqram Eldar Mansurovun “Azərbaycan süitası” ilə başlayıb. Səhnəyə ilk olaraq qız və oğlanlardan ibarət rəqs ansamblı çıxıb. Daha sonra isə bir-birinin ardınca konsertin bütün iştirakçıları möhtəşəm çıxışlarını tamaşaçılara təqdim edib.
Qeyd edək ki, konsertdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəqs ansamblı ilə bərabər “Şəms” uşaq xoru, eləcə də Uşaq Xor Kapellası çıxış edib. Kollektivlər öz maraqlı və rəngarəng çıxışları ilə zalda əyləşən tamaşaçıların aramsız alqışlarını qazana biliblər. 200 uşağın iştirakı ilə baş tutan tədbirdə həm uşaqların, həm müəllimlərin, həm valideynlərin, həm də tamaşaçıların sevinclərinin həddi-hüdudu olmayıb.
Uşaqların çıxışları ilə yanaşı geyimlərini də xüsusi qeyd etmək lazımdır ki, bu mövzuya Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəhbəri Dilarə Əliyeva hər zaman incəliklə yanaşaraq Azərbaycan rəqslərində istifadə olunan geyimlərin ornamentlərindən tutmuş, avropa xalq rəqslərinin kiçik detallarına qədər hər bir elementə xüsusi diqqət yetirib. Hər bir çıxışa uyğun geyim uşaqların bu rəqsləri daha yaxşı hiss etməsinin, qavramasının əsas səbəb olub. Sonda isə möhtəşəm final mahnısı ilə konsertdə iştirak edən bütün iştirakçılar ardıcıl olaraq səhnəyə çıxıblar.
Bununla da Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Uşaqlardan Uşaqlara” adlı qala konserti sona çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB