Qazaxıstanın paytaxtı Astana şəhərində türkdilli ölkələrin Humanitar elmlər üzrə II Beynəlxalq Forumu keçirilib. SİA-nın verdiyi məlumata görə, ölkə prezidenti Nursultan Nazarbayevin "Gələcəyə baxış: ictimai şüurun müasirləşdirilməsi" adlı proqram məqaləsinə həsr olunmuş forumun açılışında respublikanın Dövlət katibi Gulşara Abdıkalikova, BMT, UNESCO, İSESCO, Türksoy və digər beynəlxalq təşkilatların rəhbərləri, ABŞ, Almaniya, Çin, Rusiya, Hindistan və s. ölkələrdən 200-ə yaxın alim və ekspertlər iştirak etmişlər. Tədbirdə Nursultan Nazarbayevin adından təbrik məktubu oxunmuşdur.

Forum zamanı "Türkdilli ölkələrin mədəniyyət siyasətinin prioritetləri" mövzusunda çıxış edən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev bildirmişdir ki, sözügedən əməkdaşlıq eyni zamanda ölkəmizdə kulturologiya elminə qarşı olan ictimai marağın artmasına xidmət edəcəkdir. Böyük imkanlara və beynəlxalq çıxışlara malik olan Beynəlxalq Türk Akademiyası ilə əməkdaşlıq mövcud istiqamətdə tədqiqatlar aparan azərbaycanlı alimlər üçün də müxtəlif imkanlar yaradacaqdır.

Forum çərçivəsində Beynəlxalq Türk Akademiyası və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimi də təşkil olunmuşdur. Memorandum Akademiyanın Prezidenti Darxan Xıdıralı və Mərkəzin direktoru Asif Usubəliyev tərəfindən imzalanmışdır.

Azərbaycan milli mədəniyyətinin təbliğinə xidmət edəcək əməkdaşlıq memorandumu çərçivəsində müxtəlif səpgili birgə tədbirlərin təşkili ilə yanaşı tərəflərin qarşılıqlı informasiya dəstəyinin göstərilməsi də nəzərdə tutulur. Belə ki, milli mədəniyyət nümunələrinin mənimsənilmə cəhdləri müəyyən olunduqda tərəflər bir birini məlumatlandırmaqla yanaşı beynəlxalq tədbirlər çərçivəsində müvafiq birgə bəyannamələrin verilməsi öhdəliyini də öz üzərinə götürübrlər.

Müasir qloballaşma şəraitində milli identikliyin qorunması vəzifəsinin vacibliyini nəzərə alaraq tərəflər eyni zamanda mədəni irs nümunələrinin təbliği istiqamətində də müxtəlif layihələr icra ediləcəkdir.

Qeyd edək ki, Akademiya türkdilli ölkələrin prezidentlərinin, o cümlədən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin birgə təşəbbüsü ilə 2010-cu ildə təsis olunmuşdur.

Forum çərçivəsində dövlət və ictimai xadim Mırzatay Joldasbekov və akademik Mirfatıx Zakiyev TWESCO tərəfindən qızıl medalla təltif olunmuşlar. Bundan əlavə kitab sərgisi də təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB