Nazir səfirlərlə görüşüb FOTO

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mərakeş Krallığının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Mohamed Adil Embarş və Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Tsuquo Takahaşini qəbul edib. SİA-nın məlumatına görə, M.A.Embarş ilə görüşdə Azərbaycan və Mərakeş arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.

Mədəniyyət və turizm sahələri üzrə müvafiq hüquqi bazanın mövcudluğu iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasının göstəricisi və əməkdaşlığın genişləndirilməsinə şərait yaradan faktor kimi qiymətləndirilib.

Cənab Nazir tərəfindən Mərakeş Krallığının rəsmilərinə ünvanlanmış cari ilin 5-6 may tarixində Bakı şəhərində 4-cü dəfə təşkil olunacaq Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştiraka dair dəvət məktubları Səfirə təqdim olunub.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Tsuquo Takahaşi arasında vida görüşü keçirilib.

Görüşdə Azərbaycan və Yaponiya arasında mədəniyyət və turizm sahələri üzrə əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib.

İki ölkə arasında sözügedən sahələrdə əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparıldı və turizm üzrə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Nazir Tsuquo Takahaşinin Yaponiyanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri olaraq fəaliyyət göstərdiyi müddətdə qarşılıqlı əlaqələrdən məmnunluğunu ifadə etdi, səfir isə öz növbəsində ölkəmizdə fəaliyyət müddətində iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair əlindən gələni əsirgəmədiyini bildirib.

Sonda Nazir Yaponiya rəsmilərinə ünvanlanmış lV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak barədə dəvət məktublarını Səfirə təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə