Bu gün Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə "Azərbaycan ailəsi 2016" film festivalının mükafatlandırma və yekun vurulması ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev , BMT-nin Əhali Fondunun Azərbaycandakı Nümayəndəliyinin Baş müşaviri Fərid Babayev və başqaları iştirak edib.
Mərasimdə əvvəl video çarx nümayiş olunub.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək "Azərbaycan ailəsi 2016" film festivalının 8 ildir keçirildiyini diqqətə çatdırıb: "Artıq 8 ildir ki, bu festival reallaşdırırıq. Bir çox beynəlxalq ölkələrin rejissorları "Azərbaycan ailəsi 2016" film festivalına filmlərini təqdim edirlər. Bu onu göstərir ki, sözügedən festivala beynəlxalq ölkələrin marağı böyükdür. Bu da Azərbaycan kinosunun uğuru deməkdir. "Azərbaycan ailəsi 2016" film festivalını keçirməyimizə səbəb kinematoqrafiya və fotoqrafiya sənətinin vasitəsi ilə ailə dəyərlərinin təbliği, milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, cəmiyyətdə mövcud olan problemlərin işıqlandırılması, gənclərdə yaradıcılıq qabiliyyətlərinin aşkar olunması, video və foto materiallardan ibarət fondun zənginləşdirilməsi və təqdim edilən işlərin maarifləndirmə məqsədi ilə cəmiyyət üzvlərinə nümayiş etdirilməsidir. Bu festivalı reallaşdırmağımızda dəstək olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə, İcra Hakimiyyətlərinin başçılarına, məktəb direktorlarına təşəkkür edirəm. Azərbaycan ailəsi bütün ölkələrdə nümunədir və müqəddəsdir. "Azərbaycan ailəsi 2016" festivalı hər zaman yaşasın".
Tədbirdə söz alan Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin "Azərbaycan ailəsi 2016" festivalını həyata keçirdikləri üçün onlara hər zaman dəstək olacağını bildirib: " Bu layihə Mədəniyyət və Turizm Nazirliyi üçün olduqca önəmlidir. Burada texniki avadanlıqların inkşaf etdiyinin şahidi oluruq. Kino öz-özlüyündən yaranmaqdadır. Cənab Prezidentimiz İlham Əliyevin göstərdiyi diqqət nəticəsində 40 film, 100 yaxın sənədli film çəkilib. Bununla yanaşı 52 filmimiz beynəlxalq festivallarda iştirak edib. Onu da qeyd edim ki, peşəkar mədəniyyət xadimlərinin rəhbərliyi ilə ekran işləri ərsəyə gətirərək, gənclərimizin kinoya olan marağını artırmaq istəyirik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə uğurlar arzu edirəm".
Tədbirdə BMT-nin Əhali Fondunun Azərbaycandakı Nümayəndəliyinin Baş müşaviri Fərid Babayev də fikirlərini bildirib: ""Azərbaycan ailəsi 2016" festivalına qatıldığım üçün məmnunluq hissi duyuram. Azərbaycanda ailə modeli hər zaman qarşılıqlı hörmət üzərində qurulub. Bu festivalın Azərbaycan ailəsi üçün əhəmiyyəti çox böyükdür. "Azərbaycan ailəsi 2016" festivalında məişət zorakılığı, əliliyə olan və digər problemlər ortaya çıxır. Filmlərlə insanların problemləri diqqətə çatdırırlır. Hicran Hüseynova bu şərəfli yolunda uğurlar arzu edirəm".
Mərasim musiqili çıxışlarla davam edib.
Sonda "Azərbaycan ailəsi 2016" festivalında qalib olanlara mükafatlar təqdim olunub.
Qeyd edək ki, 2009-cu ildən etibarən "Azərbaycan ailəsi" adlı film festivalı böyük uğurla həyata keçirilir. Festivalın əsas məqsədi yaranmış ənənəyə uyğun olaraq, cari ilin 29 mart tarixində növbəti "Azərbaycan ailəsi 2016" film festivalına start verilib. 7 ay ərzində festivalın Təşkilat Komitəsinə peşəkar və həvəskar iştirakçılar tərəfindən fərqli və maraqlı işlər təqdim edilib. Film və fotoşəkillər ictimaiyyətin tanınmış və nüfuzlu münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB