Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzaini qəbul edib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycanla BMTİP arasında əməkdaşlıq məsələləri, ölkədə təşkil olunan beynəlxalq tədbirlər və əməkdaşlığın perspektivləri müzakirə olunub. Əbülfəs Qarayev qeyd edib ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi BMT-nin ixtisaslaşmış qurumları olan YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT Ümumdünya Turizm Təşkilatı ilə sıx əməkdaşlıq etməkdədir və bu əməkdaşlıqda BMTİP-nı da tərəfdaş kimi görməkdən məmnun olardı. Nazir 2017-ci ildə Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verərək forum çərçivəsində bir sıra yeni təşəbbüs və layihələrin əsasının qoyulacağını bildirmişdir. Qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən "Bakı Prosesi" çərçivəsində təşkil olunan Forum BMT sisteminə daxil olan və digər regional təşkilatlar üçün beynəlxalq problemlərin müzakirə platformasına çevriləcəkdir.
Qulam İsakzai nazir Əbülfəs Qarayevin təkliflərini BMTİP-nın rəhbərinə çatdıracağını qeyd edərək davamlı inkişaf mövzusunda Azərbaycanla əməkdaşlıq etməkdən məmnunluğunu ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB