Nazir İran, Niderland və Belçika səfirləri ilə görüşüb FOTOLAR
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İranın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə Əbülfəs Qarayev Azərbaycanla İran İslam Respublikası arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini deyib. Qeyd olunub ki, iki ölkə arasında tarixi, mədəni və dini bağlılıq münasibətlərin daha da inkişaf etdirilməsinə müsbət təsir göstərir: "Ölkələrimiz arasında münasibətlər qədim tarixə dayanır. Hər iki ölkə ortaq mədəni dəyərləri paylaşır. Düşünürəm ki, bu sahədə əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanlar var".
Əbülfəs Qarayev son illər ölkəmizdə turizm sənayesinin inkişafı üçün həyata keçirilən işlər haqqında məlumat verdi. Bildirdi ki, ölkəmizin zəngin mədəniyyəti, tarixi, xalqımızın yüksək qonaqpərvərliyi, eyni zamanda yaradılan yeni turizm infrastrukturu, viza sisteminin sadələşdirilməsi Azərbaycana gələn turistlərin sayının artmasına müsbət təsir göstərir.
Nazir ölkəmizə gələn turistlərin sayında İran vətəndaşlarının da çoxluq təşkil etdiyini bildirib. Xüsusi ilə bu il Novruz bayramı ərəfəsində və ondan sonrakı dövrdə İrandan turist səfərləri əvvəlki illərə nisbətən daha da artdığını vurğulayıb.
Əbülfəs Qarayev 2017-ci ildə hər iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin də keçiriləcəyini qeyd edib.
Nazir gələn il ölkəmizdə keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda İran nümayəndə heyətinin də daha fəal iştirak etməyə dəvət edib.
Cavad Cahangirzadə öz növbəsində iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişaf səviyyəsindən məmnunluq ifadə edərək bu münasibətlərin daha da yüksəlməsinə çalışacağını söyləyib. Digər sahələrdə olduğu kimi turizm sahəsində də əlaqələrin inkişaf etdiyini vurğulayan səfir İran vətəndaşlarının Azərbaycana böyük maraq göstərdiyini xüsusi qeyd edib.
Əbülfəs Qarayev Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri OnnoKerversi qəbul edib.
Görüşdə Azərbaycan və Niderlanda arasında mədəniyyət və turizm sahəsində əlaqələrdən danışan nazir münasibətlərin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Ölkəmizdə mədəniyyət və turizm sahəsində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verərək Azərbaycanın son illərdə ev sahibliyi etdiyi beynəlxalq tədbirlərlə özünəməxsus dialoq platforması formalaşdırdığını diqqətə çatdırıb. Eyni zamanda 2017-ci ildə ölkəmizdə keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Niderland nümayəndə heyətinin də daha fəal iştirak etməyə çağırıb.
Əbülfəs Qarayev turizm sahəsində əlaqələrin genişləndirilməsi və ölkəmizə Avropa, o cümlədən Niderlanddan olan turist səfərlərinin artırılmasında maraqlı olduğunu deyib.
Səfir Onno Kervers səmimi qəbula görə öz minnətdarlığını bildirib. Qeyd edək ki, ölkələrimiz arasında mədəniyyət, turizm və başqa sahələrdə də əlaqələrin inkişaf etməsi üçün vacib olan addımlar atılacaq.
Əbülfəs Qarayev daha sonra Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bert Schoofsla görüşüb.
Əbülfəs Qarayev Azərbaycanla Belçika arasında mövcud olan əlaqələrdən danışdı. Bildirdi ki, iki ölkə arasında əlaqələrin daha da inkişafı üçün böyük imkanlar var. Eyni zamanda zəngin mədəniyyəti və tarixi abidələri ilə ölkəmiz Avropanın müxtəlif ölkələrinin, eyni zamanda Belçikadan olan turistlərin də diqqətini çəkməkdədir. Nazir mədəniyyət və turizm sahəsində də Belçika ilə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdən danışan Əbülfəs Qarayev gələn il ölkəmizdə keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Belçika nümayəndə heyətinin də daha fəal iştirak etməyə dəvət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB