Beynəlxalq Tolerantlıq gününə həsr edilmiş dəyirmi masa keçirilib
Azərbaycan Turizm və Menecment Universitetində Bakı Multikulturalizm Mərkəzi və ATMU-nun Doktorantura və əlavə təhsil şöbəsinin təşkilatçılığı ilə Beynəlxalq Tolerantlıq gününə həsr edilmiş dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan Universitetin rektor səlahiyyətlərini icra edən Eldar Aslanov dəyirmi masa iştirakçılarını salamlayaraq, cari ilin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən "Multikulturalizm" ili elan etməsi, milli dövlətçilik məfkürəsinə uyğun olaraq tolerantlığın və mədəni müxtəlifliyin qorunmasını təmin etmək, Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq işində az da olsa koməklik məqsədilə dəyirmi masanın təşkilini yüksək qiymətləndirib.
Daha sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru professor Azad Məmmədov çıxış edərək Azərbaycanın müasir dövrdə dünyanın Multikulturalizm mərkəzinə çevrilməsini qeyd etdi və vurğulayıb ki, respublikamız bu sahədə bir çox ölkələrə öz nümünəsini göstərməkdədir. Dünyanın onlarla ölkəsinin ali təhsil müəssisələrində Azərbaycanın multikulturalizm modeli fənn kimi tədris planlarına daxil edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dekanı fəlsəfə üzrə elmlər doktoru Zaur Bağırov "Tolerantlıq multikulturalizmin əsası kimi" mövzusundakı məruzəsində qeyd edib ki, multikulturalizm elə siyasətdir ki, mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait yaratmaqla ölkə əhalisinin etnik irqi, mənəvi-mədəni, dini müxtəlifliyindən asılı olmayaraq, onların hüquq və azadlıqlarına hörmətlə yanaşmanı təmin edir. Bu anlayışın nəzəri əsasını azadlıq, bərabərlik, qardaşlıq kimi dəyərlər təşkil edir. Liberalizmdən fərqli olaraq multikulturalizm fərdlərin deyil, qrupların, ölkə ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarını ön plana çəkir. Bu siyasət öz mahiyyəti baxımından tolerantlıqla sıx bağlıdır. Müxtəlif mədəniyyətlərin paralel şəkildə birgə yanaşmasını qəbul edən cəmiyyətin başlıca xüsusiyyətlərindən biridir. Multikulturalizm siyasəti mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları biri-birinə bağlayan mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə diffuziyası prosesi ilə əlaqədardır. Multikulturalizm rəngarəngliyin birliyi modelidir ki, burada hər bir mədəniyyət öz mənasını, özəl dəyərlərini saxlayaraq digər mədəniyyətlərlə münaqişə mühitindən kənarda mütləq qarşılıqlı fəaliyyətdə olur. Bu gün sosial problemlərin hər bir insana, onun dünyada mövcudluğu probleminə aid olduğunu nəzərə alsaq, onu həyata keçirmək böyük iradə tələb edir. Prezident İ. Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bu iradəni göstərməkdədir.
Tədbirdə həmçinin Azərbaycan Turizm və Menecment Universitetinin doktorantları Firuzə Raşova "Mədəniyyətlərin diffuziyası" mövzusunda və Liana Abdullayeva "Azərbaycançılıq və multikulturalizm" mövzusunda çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB