“Mənim düşüncəli və zərif diyarım” adlı sərginin açılışı baş tutub FOTO

“Mənim düşüncəli və zərif diyarım” adlı sərginin açılışı baş tutub FOTO

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində görkəmli rus şairi Sergey Yeseninin 121 illiyinə həsr olunmuş "Mənim düşüncəli və zərif diyarım" adlı sərginin açılışı baş tutub. SİA-nın məlumatına görə, ilk dəfə Azərbaycanda nümayiş etdirilən sərgidə Sergey Yesenin Dövlət Qoruq Muzeyi tərəfindən təqdim olunmuş fotoşəkillər, rəsm əsərləri, heykəllər, nəşrlər və məişət əşyaları nümayiş olunub.

Sərgi Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi, "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyi, Ryazan vilayətinin Mədəniyyət və Turizm Nazirliyi və S.Yesenin Dövlət Qoruq Muzeyinin rəhbərliyi tərəfindən təşkil olunub.

Tədbirdə açılış nitqi ilə çıxış edən "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov sərgi barədə tədbir iştirakçılarına ümumi məlumat verib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi adından çıxış edən nazir müavini Sevda Məmmədəliyeva tədbir iştirakçılarını salamlayaraq S.Yeseninin Rusiya və Azərbaycan arasında mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətində xidmətlərini xüsusilə qeyd edib, S.Yesenin yaradıcılığının Azərbaycan dövrü haqqında danışmış və sərginin işində uğurlar arzulayıb. Tədbirdə, həmçinin Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Ryazan vilayətinin mədəniyyət və turizm naziri Vitali Popov, S.Yesenin Dövlət Qoruq Muzeyinin direktoru Boris İohanson çıxış ediblər.

Daha sonra qonaqlar sərgi ekspozisiyası ilə tanış olubar.

Tədbir çərçivəsində nazir müavini Sevda Məmmədəliyeva ilə Ryazan vilayətinin mədəniyyət və turizm naziri Vitali Popov və S.Yesenin Dövlət Qoruq Muzeyinin direktoru Boris İohanson arasında görüş keçirilib, Azərbaycan ilə Rusiya arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq müzakirə edilib. Qonaqlar Sergey Yeseninin əsərlərinin Azərbaycan xalqı tərəfindən sevildiyinin şahidi olduqlarını və bunun müsbət hal olduğunu qeyd ediblər. Görüşdə şairin 1924-1925-ci illərdə Bakıda yaşadığını və həmin dövrdə bir sıra əsərlər yaratdığını nəzərə alaraq, S.Yesenin Dövlət Qoruq Muzeyində Yeseninin həyat və yaradıcılığının Azərbaycan dövrünə həsr edilmiş guşənin yaradılmasının məqsədəuyğunluğu vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə