Üç rayonun kollektivi Bakıda çıxış edib FOTOLAR

Üç rayonun kollektivi Bakıda çıxış edib FOTOLAR

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə paytaxtın Nizami küçəsində təşkil olunan təsviri sənət məkanında bölgələrin incəsənət nümunələri nümayiş etdirilir. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə iyul ayından fəaliyyət göstərən məkan rəssamların, sənətsevərlərin görüş yerinə çevrilməklə bərabər, şəhərimizin sakinlərinin və paytaxtımıza üz tutan qonaqların diqqətini çəkməkdədir.

Tədbirin əsas məqsədi regionlarda fəaliyyət göstərən istedadlı insanları, el sənətkarlarını, rəssamları, musiqiçiləri, folklor kollektivlərini üzə çıxarmaq və onları paytaxt sakinləri və qonaqlara təqdim etməkdir.

Bu tədbirlərin davamı olaraq təsviri sənət məkanında Zaqatala, Balakən və Qax rayonlarının folklor kollektivlərinin konserti və el sənətkarlarının əl işlərindən ibarət sərgi-yarmarka təşkil olunub. Musiqili-əyləncəli tədbirdə Zaqatala rayonundan "Alazan" və "İnqloy" rəqs qrupları, Qax rayonundan Ağyazı kənd Mədəniyyət evinin "Zurnaçılar" ansamblı, "Tunqayməlik" folklor ansamblı, Balakən rayonundan isə "Buta" qızlar ansamblı və "Qubek" folklor ansamblı çıxış ediblər.

Tədbir çərçivəsində qeyd olunan rayonlardan gəlmiş sənət adamlarının əl işlərindən ibarət sərgi-yarmarka da təşkil edilib. Sərgidə Zaqatala rayonu 50, Qax 200, Balakən isə 100-dək sənət əsəri ilə təmsil olunub. Konsert və sərgi-yarmarka paytaxt sakinləri və şəhərimizin qonaqları tərəfindən maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə