İlk kitablar təqdim olundu FOTOLAR

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi ilə Azad Azərbaycan Müstəqil Teleradio şirkəti arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən "Parlaq imzalar" nəşriyyatında çap olunmuş "Bartlbi və çevrəsi", "Səsindən tanıdılar payızı", "Dədə Qorqud", "Tənha", "Alman malı", "Azəristan ölkəsi" adlı ilk kitabların təqdimat mərasimi keçirilib. Təqdimat Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında baş tutub. SİA-nın verdiyi xəbərə görə, yeni çapdan çıxmış kitablar kitabxana oxucularına və İdarənin şəbəkəsinə tabe olan digər kitabxanalara paylanılıb.

Təqdimatda Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, "ATV Kitab" layihəsinin və Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Səlim Babullaoğlu və idarənin digər əməkdaşları iştirak ediblər.

Təqdimat çərçivəsində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov çıxış edərək, iştirakçıları salamladı və ilk kitabların təqdimat mərasiminin keçirilməsində iştirakından məmnunluq hissini ifadə etdi. Qeyd etdi ki, bundan sonra da il ərzində mütəmadi olaraq yeni kitablar nəşr olunacaq və gənc nəslin maarifləndirilməsi istiqamətində səmərəli işlər görüləcək.

Qeyd edək ki, 2015-ci ilin 9 mart tarixində imzalanmış əməkdaşlıq memorandumunun şərtlərinə görə Bakı şəhərində və paytaxtın rayonlarında uşaq, yeniyetmə və gənclərlə görüşlərin keçirilməsi, onların bədii ədəbiyyata və mütaliəyə marağının artırılması məqsədi ilə müxtəlif mədəni tədbirlərin təşkili, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən ATV kanalı və "Parlaq imzalar" nəşriyyatı ilə birgə reallaşdırılan, "ATV Kitab" layihəsinə daxil olan nəşr nümunələrinin alınıb gənc oxuculara çatdırılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə