Bu günlərdə Amerikanın məşhur "Kronos" Kvartetinin saytında yeni dünya turnesinə start verməsi barədə məlumat yerləşdirilib. SİA-nın verdiyi xəbərə görə, sevindirici məqam ondadır ki, dünyanın məşhur bəstəkarlarınını əsərlərindən təşkil olunmuş turnenin repertuarında Azərbaycan bəstəkarı Firəngiz Əlizadə xüsusi yer ayrılıb.
Məlum olduğu kimi, cari ilin fevral ayının 4-də San-Fransiskoda "Kronos" Kvartetinin ifasında Firəngiz xanımın "Rəqs" əsərinin premyerası böyük müvəffəqiyyətlə baş tutub.
Həmyerlimizin bu əsəri sonradan Kanadanın bir çox şəhərlərində ifa olunmuşdur. İndi isə bu əsərAmsterdam, Mayorka, Krakov, Paris, Bratislava, Pekin, Şanxay və Avropa ilə Asiyanın digər şəhərlərində müasir musiqi pərəstişkarlarına təqdim olunacaqdır.
Firəngiz xanımın yaradıcılığı ilə bağlı yeniliklər bununla bitmir. Belə ki, bu günlərdə Avstriyanın məşhur "ORF" radiosunda bəstəkarımızın yaradıcılığna həsr edilən 45 dəqiqəlik veriliş dünyanın müxtəlif dillərində yayımlanıb. Bu verilişdə F.Əlizadənin yaradıcılıq yoluna ekskursiya olunub və onun "Schwindende Schönheit" (Qeyb olmuş gözəlliklər) əsərinin ifasından sonra geniş müzakirə edilib.
Yeri gəlmişkən, Firəngiz xanımın multikultralizmin tərənnümünə həsr etdiyi bu yeni əsərinin bir müddət əvvəl həm Almaniyada, həm də Avstriyada premyerası olub. Belə ki, sözü gedən əsər martın 11-də Münhendə Bavariyanın "Sonorizzonte" ansamblının, martın 21-də isə Vyananın "ORF" studiyasının zalında Avstriyanın "Ensemble Plus" musiqi kollektivi tərəfindən ifa olunub.
"ORF" radiosundakı müzakirələrə qatılan bəstəkarımız Şərqdə baş verən müharibələr səbəbindən məhv olmuş, dağıdılmış gözəlliklər-tarixi abidələr, muzeylərdən bəhs olunan əsərin meydana çıxmasını belə xarakterizə edib:Təəssüf ki, biz elə bir dövrdə yaşayırıq ki, bütöv sivilizasiyalar, mədəniyyətlər dağıdılır, məhv edilir, tarixdən silinir. Mənim vətənim Azərbaycanda yüzlərlə tarixi abidələr, muzey eksponatları, dini məkanlar və digər mənəvi dəyərlərimiz dağıdılıb, qəsb edilib. Dünya miqyasında da çöxsaylı belə hadisələrə rast gəlirik. Başqa bir misal kimi, illər boyu öz gözəl təsvirləri ilə bizim coğrafiya kitablarımızın cildini bəzəyən qədim Palmira şəhərini də göstərmək yerinə düşər. Mən həmişə bir gün ora getməyi Palmiranın mistik gözəlliklərini görməyi arzu etmişəm. Bu artıq mümkün olmayacaq, Palmira həmişəlik yox olub. Maraqlıdır, daha hansı mədəni dəyərlər yoxa çıxacaq? Bu faciələr silsiləsinini nə vaxt dayandıra biləcəyik? Münhenin "Sonorizzonte" ansamblı üçün yazılmış, 'Schwindende Schönheit' (Qeyb olmuş gözəlliklər) əsərində mən bu suallara cavab axtarmışam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB