III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək

III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 1-4 iyun tarixində III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirmək, eyni zamanda, diqqəti tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına cəlb etməkdir.

Festivalın seçim komissiyasına 71 ölkədən 420 ekran əsəri təqdim olunub. Film göndərən ölkələr arasında ABŞ, Türkiyə, Argentina, Avstraliya, Baham adaları, Banqladeş, BƏƏ, Braziliya, Butan, Çili, Çin, CAR, Dominikan, Hindistan, İraq, İsrail, Kanada, Kolumbiya, Konqo, Malaziya, Mavritaniya, Meksika, Mərakeş, Misir, Monqolustan, Nepal, Oman, Peru, Ruanda, Şri Lanka, Vyetnam, Yaponiya, Avropa və MDB ölkələri yer alıb.

Festivalın seçim komissiyası tərəfindən 28 ölkədən 78 film müsabiqə proqramına daxil edilib. Seçilən filmlər 5 kateqoriya üzrə yarışacaqlar:

  1. Ölkə, region, şəhər
  2. Mədəniyyət, ənənə
  3. Reklam filmləri
  4. Ekoloji turizm və digər turizm növləri
  5. TV məhsullar (filmlər, videoçarxlar)

Festivalın müsabiqə proqramındakı filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət 6 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər heyətinə tanınmış jurnalist Azər Qərib rəhbərlik edir. Heyətə Azərbaycandan Azər Qəriblə yanaşı, Ayaz Salayev, Yusif Şeyxov, Rauf Paşayev, Macarıstandan Endre Florian, Rusiyadan İnna Demejko daxildirlər.

Hər kateqoriya üzrə 3 film mükafatlandırılacaq:

I yerə - Qızıl mükafat - diplom və mükafat

II yerə - Gümüş mükafat - diplom və mükafat

III yerə - Bürünc mükafat - diplom və mükafat

Festivalın ən yaxşı filmi isə "QRAN PRİ" - diplom və mükafatla təltif olunacaq.

Yerli filmlər eyni zamanda, Milli Mükafat uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, festivalın açılış mərasimi 1 iyun saat 19:00-da Nizami Kino Mərkəzində olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə