Rusiyanın KİV-i Azərbaycan turizmindən danışıb

Rusiyanın KİV-i Azərbaycan turizmindən danışıb

Rusiyanın Turoperatorlar Asossasiyasının "atorus.ru" saytında Azərbaycanın turizm imkanları haqqında məqalə yerləşdirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, "Bakıda nələri görmək olar" başlıqlı yazıda paytaxtın görkəmli yerləri haqqında məlumat yer alıb.

Məqalədə qeyd olunur ki, son vaxtlar Azərbaycanın paytaxtı Bakı şəhəri səyahətlər və həftəsonu istirahəti üçün populyar məkanlardan birinə çevrilib: "Bakının dar, tarixi küçələri olan qədim İçərişəhərin qapıları geniş bulvara açılır. Bu şəhər özündə müasirliklə qədimliyi birləşdirir".

Məqalədə həmçinin, Heydər Əliyev Beynəlxalq Hava Limanının möhtəşəmliyindən, qeyri-adi görkəmindən söz açılır: "Bakı hər zaman turistləri heyrətləndirir. Əgər bu şəhərə gecə saatlarında gəlməli olsanız, sizi ilk qarşılayan "İşıqlı saray" adlandıra biləcəyimiz, al-əlvan işıqlarla bərq vuran Heydər Əliyev Beynəlxalq Hava Limanı olacaq. Yeni terminalın qeyri-adi, hörümçək toruna bənzər interyeri xoş təəssürat yaradır".

Yazıda Bakıya səyahət edənlərə ziyarət edilməli 10 vacib məkan haqqında məlumat verilir. Heydər Əliyev Mərkəzi, Alov qüllələri, Dağüstü park, Dənizkənarı bulvar, Xalça Muzeyi, Qız qalası, İçərişəhər, İstiqlaliyyət küçəsi, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu, Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun turistlərin marağına səbəb olacaq ünvanlar olduğu qeyd edilir.

Heydər Əliyev Mərkəzinin möhtəşəm arxitekturası, buradan seyr edilən şəhər panoramasının gözəlliyi, Dağüstü parkdan görünən mənzərə və Şəhidlər xiyabanı tarixlə müasirliyin qovuşduğu ecazkar məkanı yaddaşlara əbədi həkk edir. Buradakı yüksəklikdən şəhəri seyr etmək və dənizə heyran olmamaq mümkün deyil. Belə bir mənzərəni izləmək insana zövq verir. Parkdakı sərv və şam ağaclarının gözəlliyi isə rəssam fırçasından çıxan sehrli aləm kimi təqdim edilir.

Məqalədə həmçinin, Dənizkənarı bulvar, Bayraq meydanı, "Eurovision" mahnı müsabiqəsinin keçirildiyi "Baku Cristal Hall"un fotoları yerləşdirilib. Bildirilir ki, maraqlı dizaynı, eyni zamanda gün işığında və gecənin qaranlığında xüsusi rənglərlə bərq vuran "Baku Cristal Hall" Bakı gecələrini unudulmaz edir. Bulvar ərazisində yerləşən "Kiçik Venesiya", Beynəlxalq Muğam Mərkəzi, Xalça Muzeyi də şəhərin gəzməli məkanları sırasındadır.

Yazıda adları qeyd edilən 10 məkan haqqında ayrı-ayrılıqda geniş, bədii təsvirlərlə ifadə edilən məlumatlarda Azərbaycanda xalçaçılığın tarixi, xalçaçılıq məktəbləri, ilk xalça muzeyinin yaradılması oxucuların diqqətinə çatdırılır.

Məqalədə eyni zamanda, Qız qalası əfsanəsinin hələ sovet dövründən respublikalar arasında məşhur olduğu və möhtəşəm qalanın bu gün də öz əzəmətini qoruduğu vurğulanır. Qalanın yaxınlığındakı antik əşyalar satılan mağazalar, milli mətbəx nümunələrini təqdim edən restoranlar haqqında məlumat verilir.

İçərişəhərdəki əsl tarixi yaşadan məscid və hamamların, bu qədim məkanda çəkilən məşhur filmlərin adları qeyd olunan məqalədə həmyerlimiz, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, dünya şöhrətli fırça ustası Tahir Salahovun ev-muzeyinin də yerləşdiyi bildirilir.

Bir sözlə, Bakının bütün gəzməli-görməli məkanlarından bəhs edən məqalə rusiyalı turistlərin təsəvvüründə paytaxtımızın möhtəşəm mənzərəsini canlandırır.

Məqalə ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

http://www.atorus.ru/tourist/travel_notes/article/3268.html

Bütün xəbərlər Facebook səhifəmizdə