Gürcüstan Milli Muzeyində Azərbaycan Milli İncəsənət muzeyinin direktoru, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Çingiz Fərzəliyevə Azərbaycan-Gürcüstan arasındakı incəsənət və mədəni əlaqələrin möhkəmləndirilməsi və inkişafına verdiyi töhfələrə görə təntənəli şəkildə Gürcüstanın Dövlət mükafatı "Şəfəq" ordeni təqdim edilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, "Şəfəq" ordeni mədəniyyət, təhsil, elm, incəsənət, idman və digər sahələrin görkəmli nümayəndələrinin yüksək nailiyyətlərinə görə təltif olunması üçün Gürcüstan Parlamenti tərəfindən 31 iyul 2009-cu ildə təsis olunub.
Mükafatlandırılanlar arasında gürcü patriarxı II İlya, SSRİ xalq artisti Nani Breqvadze, Opera və Balet teatrının rəhbəri Gürcüstan SSRİ və Rusiya xalq artisti, balerina Nino Ananiaşvili, SSRİ xalq artisti Oleq Basilaşvili, amerikalı iş adamı və siyasi xadim Donald Tramp, SSRİ əməkdar idman ustası Arvidas Sabonis, Gürcüstan Milli muzeyinin direktoru David Lordkipanedze və digər görkəmli şəxsiyyətlər də yer alıb.
"Şəfəq" ordenini professor Çingiz Fərzəliyevə Gürcüstan Prezidentinin müşaviri Sofya Şamanidi tərəfindən təqdim edilib. Çingiz Fərzəliyev təltifə və xidmətlərinin yüksək qiymətləndirilməsinə görə, Prezident Georgi Marqvelaşviliyə təşəkkürünü bildirib.
O, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2016-cı ilin "multikulturalizm ili" elan olunması və rəhbərlik etdiyi Azərbaycan Milli İncəsənət muzeyinin 80 illik yubileyi baxımından, bu mükafatın xüsusilə dəyərli olduğunu vurğulayıb.
Qeyd edək ki, təqdimat mərasimində Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Giorqadze, Gürcüstan Milli muzeyinin direktoru David Lordkipanidze, Gürcüstanın keçmiş mədəniyyət naziri, "Azərbaycan-Gürcüstan" assosiasiyasının prezidenti Valeri Asetiani, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Gürcüstan Parlamentinin deputatı Azər Süleymanov, SOCAR Georgiya Petroleumun baş direktoru Mahir Məmmədov, M. F. Axundovun Tblisidəki ev muzeyinin direktoru Leyla Əliyeva, həmçinin, Gürcüstanın digər görkəmli mədəniyyət, incəsənət və ictimai xadimləri iştirak ediblər.
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB