"Mədəniyyət paytaxtı-Şəki-2016"nın rəsmi açılışı olub

"Mədəniyyət paytaxtı-Şəki-2016"nın rəsmi açılışı olub

Məlumat verdiyimiz kimi, TÜRKSOY-un mədəniyyət nazirlərinin Daimi Şurasının 33-cü toplantısı çərçivəsində Türkmənistan Respublikasının Mari şəhərində keçirilən mədəniyyət məsələləri üzrə məsul nazirlərin toplantısında Şəki şəhəri 2016-cı il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" seçilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində, Qala divarlarının içərisində "Türk dünyasının mədəniyyət paytaxtı - Şəki-2016" "paytaxt ili"nin təntənəli açılış mərasimi keçirildikdən sonra qoruq ərazisindəki Yay teatrında tədbirin rəsmi hissəsi baş tutub.

Mərasimi giriş sözü ilə açan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ölkəmizin bu qədim bölgəsinə "Türk dünyasının mədəniyyət paytaxtı" layihəsində yer verilməsini yüksək qiymətləndirib. Bildirib ki, son illər Şəkidə aparılan tikinti quruculuq işləri nəticəsində şəhərin siması dəyişib. İcra başçısı çıxışında "mədəniyyət paytaxtı" ili ərzində bir sıra tədbirlərin keçiriləcəyini də diqqətə çatdırıb.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev TÜRKSOY tərəfindən həyata keçirilən layihələrin əhəmiyyətindən söz açaraq, təşkilatın təşəbbüsü ilə ölkəmizdə gerçəkləşən tədbirlərin ümumi mədəni irsimizin, incəsənətimizin qorunması, öyrənilməsi, türk xalqlarının yaxınlaşması və mədəni əməkdaşlığın inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb: "Bugünkü açılış mərasimi ölkəmizdə təşkil olunan mötəbər beynəlxalq tədbirlə-BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu ilə eyni vaxta təsadüf edir. Şəkidə keçirilən bu tədbirin iştirakçıları arasında forumun bir sıra fəxri qonaqlarını da görməkdən məmnunuq. TÜRKSOY həm türk xalqları arasında, həm də beynəlxalq arenada türkdilli xalqların mədəniyyətlərinin təbliği istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirir. Sevindirici haldır ki, TÜRKSOY artıq bütün mötəbər beynəlxalq tədbirlərdə ən yüksək səviyyədə təmsil olunur və onun beynəlxalq təşkilat kimi fəaliyyəti dünyanın nüfuzlu beynəlxalq qurumları tərəfindən alqışlanır".

Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev türkdilli ölkələrdə iştirak etdiyi bütün tədbirlərdə TÜRKSOY-u xalqlarımızın mədəniyyətinin təbliğində ən vacib qurum kimi qiymətləndirib: "TÜRKSOY son dövrlərdə mədəni irsimizin nümunələrinin geniş məkanda təbliği üçün çox mühüm layihələr həyata keçirir. Qurumun dəstəyi ilə Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin "Koroğlu" operası türkdilli xalqların incəsənət xadimlərinin iştirakı ilə təşkilata üzv olan ölkələrdə səhnələşdirilib, eyni zamanda, teatr xadimlərinin görüşləri, rəssamların birgə sərgiləri təşkil olunub. BMT, UNESCO, Avropa Şurası və digər beynəlxalq qurumların qərargahlarında Novruz bayramının birgə qeyd olunması, film festivalları, türk dünyasının dahi şəxslərinin yubiley tədbirlərinin keçirilməsi, xüsusi medal və mükafatların təsis edilməsi kimi uğurlu layihələr gerçəkləşir".

Diqqətə çatdırılıb ki, 2010-cu ildən etibarən, Şəkidə Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin və şəhər İcra Hakimiyyətinin dəstəyi ilə "İpək Yolu" Beynəlxalq Musiqi Festivalı təşkil olunur. 2014-cü ildə burada I Beynəlxalq Teatr Festivalı, həmçinin, Şəkidəki Respublika Atçılıq Turizm Mərkəzində 2007-ci ildən başlayaraq, ümummilli liderin xatirəsinə həsr olunmuş Atüstü Milli Oyunlar Festivalı və "Prezident kuboku" uğrunda "çövkən" yarışları keçirilib.

Əbülfəs Qarayev bildirib ki, 2016-cı il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" layihəsinin Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəkiyə həsr olunması bizi olduqca fərəhləndirir: "Şəki Azərbaycan tarixini, mədəni irsini qoruyub saxlayan şəhərlərimizdən biridir. Bu şəhərdə Azərbaycan memarlığının ən gözəl nümunələri yerləşir. Şəkidə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülüb, müasir istirahət mərkəzləri, yeni hotellər istifadəyə verilib. Füsunkar təbiəti, nadir tarix-memarlıq abidələri, inkişaf etmiş sənətkarlığı, zəngin tarixi-mədəni irsi nəticəsində Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilib".

Sonra BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir çıxış edərək Şəki şəhərinin qədim mədəniyyətə malik olduğunu vurğulayıb. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun yüksək səviyyədə keçirildiyini deyən qonaq bildirib ki, Azərbaycanın hər guşəsində onun tolerant bir ölkə olduğunu görmək mümkündür.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxışında Şəki şəhərinin "Türk dünyasının mədəniyyət paytaxtı" seçilməsinin heç də təsadüf olmadığını vurğulayıb. O, qeyd edib ki, Şəki öz qədim mədəniyyəti, adət-ənənəsi, mətbəxi, tarixi irsi ilə buna sahib olub.

Daha sonra TÜRKSOY-a üzv olan ölkələrin mətbuat nümayəndələrinin mükafatlandırılması mərasimi keçirilib. Təşkilatın mükafatları Azərbaycandan İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun informasiya və ictimai-siyasi proqramlar üzrə müavini Şaiq Məmmədova və "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğluna təqdim edilib.

Qazaxıstandan "Kazakstankaya pravda" qəzetinin baş redaktoru Aleksandr Tarakov, "Aykın" qəzetinin baş redaktoru Nurtöre Jusip, "Ahızka" qəzetinin baş redaktoru Rövşən Məmmədoğlu, Qırğızıstandan "Jetigen" qəzetinin baş redaktoru Abdilamit Jumaşev, müstəqil jurnalist Munduzbek Tentimişev, Türkiyədən "Yeni düşüncə" jurnalının təsisçisi Yalçın Topçu və "Hürriyet" qəzetinin redaktoru Oğuz Dəmir, Türkmənistan Dövlət Televiziya, Radio və Kinematoqrafiya Komitəsinin redaktoru Aşirbek Baymuradov, Özbəkistandan "CA-News" agentliyinin Mərkəzi Asiya müxbiri Umida Maniyazova, Moldovadan Qaqauz Yeri Sədrliyinin protokol və mətbuat xidmətinin rəhbəri Qeorqi Yalancı və Makedoniyadan "Yeni Balkan" qəzetinin müxbiri Bünyamin Liman da mükafatla təltif olunub.

Tədbir TÜRKSOY ölkələrinin folklor qruplarının və ölkəmizin tanınmış incəsənət xadimlərinin çıxışları ilə davam edib.

Qeyd edək ki, TÜRKSOY-un "Türk dünyasının mədəniyyət paytaxtı" layihəsi 2012-ci ildən həyata keçirilir. Həmin il Qazaxıstanın Astana, 2013-cü ildə Türkiyənin Əskişəhər, 2014-cü ildə Tatarıstanın Kazan şəhəri, ötən il isə Türkmənistanın Marı şəhəri "paytaxt" elan olunub. Bu estafeti Şəki şəhərinin qəbul etməsi ilə əlaqədar olaraq, Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və TÜRKSOY-un birgə tədbirlər planı hazırlanıb. İl ərzində Şəkidə müxtəlif festivalların, sərgilərin, tamaşaların, konsert proqramlarının keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə