Ölkəmiz 25-28 aprel tarixlərində BƏƏ-nin Dubay Əmirliyində keçirilən "ATM 2016" beynəlxalq turizm sərgisində təmsil olunur. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nazirliyin turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərlik etdiyi nümayəndə heyətinə həmçinin, ölkəmizin 19 yerli turizm şirkəti və mehmanxanası da daxil edilib.
Dünyanın ən aparıcı turizm sərgilərindən hesab edilən "ATM 2016" tədbirində iştirak Azərbaycanın Körfəz ölkələrində turizm nümayəndəliyi olan "Atlantis Holidays" şirkətinin təşkilatı dəstəyi ilə həyata keçirilir. Sərgi çərçivəsində dünya turizm media nümayəndələrinin, eləcə də turizm professionallarının iştirakı ilə təşkil olunan 2 müxtəlif təqdimat brifinqində Azərbaycanın təqdimatının həyata keçirilməsi nəzərdə tutulub.
Bu sərgidə ölkəmizin turizm potensialının təqdimatı məqsədilə 70 kv.m sahədə xüsusi dizayn əsasında iki mərtəbəli stend hazırlanıb və sərgiyə gələn qonaqlara təqdim olunması üçün ingilis və ərəb dillərində müxtəlif reklam-çap məhsulları ilə təmin olunub.
Qeyd etmək lazımdır ki, Körfəz ölkələri ölkəmizə gəlmə turizmi baxımından, prioritet ölkələrdəndir. Turizm səfərləri və işgüzar əlaqələri təşviq etmək məqsədilə Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveytin də daxil olduğu bir sıra ölkələrlə 1 fevral 2016-cı il tarixindən etibarən, Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsi təmin edilir.
Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri 2006-cı ildən etibarən, "ATM" beynəlxalq turizm sərgisində iştirak edir.







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB