Almaniyada “Böyük Azərbaycan musiqisi” səslənib FOTOLAR

Azərbaycanın tanınmış musiqiçiləri - xalq artistləri, tarzən Ramiz Quliyev, qarmon ifaçısı Aftandil İsrafilov və əməkdar artist Yaqub Zurufçu Almaniyanın bir sıra şəhərlərində "Böyük Azərbaycan musiqisi" adlı geniş konsert proqramı ilə çıxış ediblər.

SİA-nın verdiyi xəbərə görə, konsertlər Almaniyanın məşhur şəhərləri – Hamburqun "Laytsxoll", Kölnin "Sartori xoll" və Frankfurtun "Xofxaym" konsert salonlarında baş tutub.

Anşlaqla keçən konsertlərdə Azərbaycan xalq mahnıları, klassik bəstəkarlarımızın romansları və muğamlarımız səsləndirilib. Xalq artistləri Ramiz Quliyev və Aftandil İsrafilovun solo çıxışları ilə bərabər, görkəmli tarzənin rəhbərliyi altında "Xalq alətləri" ansamblının ifasında Azərbaycan musiqisinin parlaq və rəngarəng nümunələri əcnəbi dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Tanınmış müğənni Yaqub Zurufçunun yubileyinə təsadüf edən konsertlərin proqramında həmçinin, Almaniyada fəaliyyət göstərən "Daisi" rəqs ansamblı da iştirak edib.

Qeyd edək ki, qastrol səfəri zamanı təşkilatçılar Azərbaycanın tanınmış musiqiçilərini İngiltərənin London və Mançester şəhərlərinə yeni konsert proqramı ilə çıxış etmək üçün dəvət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə