Ölkəmiz beynəlxalq festivalda təmsil olunub FOTOLAR

Ölkəmiz beynəlxalq festivalda təmsil olunub FOTOLAR

Özbəkistan Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə keçirilən "Ənənəvi təsviri incəsənət festivalı"nda ölkənin bütün regionlarından dəvət olunan sənətkarlar öz əl işlərini, habelə xarici ölkələrin səfirlikləri, mədəniyyət mərkəzləri milli stendlərini təqdim edirlər. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, festivalda dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Özbəkistandakı səfirləri, mədəniyyət, incəsənət sahəsi üzrə tanınmış şəxslər, müəllim və tələbələr iştirak ediblər.

Tədbirdə ölkəmizi Azərbaycan Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi təmsil edib.

Festivalı giriş sözü ilə açan Özbəkistan Rəssamlıq Akademiyasının prezidenti, xalq rəssamı Akmal Nuriddinov layihənin əhəmiyyətindən danışıb, Özbəkistanda sənətkarlığın zəngin ənənələrə malik olduğunu qeyd edib. O, Böyük İpək Yolu üzərində yerləşən Özbəkistanın əksər regionlarında əl sənətinin inkişaf etdiyini vurğulayıb. Akmal Nuriddinov festivalın özbək sənətkarlara öz əl işlərini ictimaiyyətə təqdim etməyə, habelə istedadların üzə çıxarılmasına imkan verəcəyini bildirib.

Azərbaycanın Özbəkistandakı Səfirliyinin birinci katibi Leyla Orucova ölkəmizin zəngin mədəniyyəti, incəsənəti haqqında danışaraq, Azərbaycan xalçalarının, milli geyimlərinin dünya mədəni irsinin inciləri olduğunu qeyd edib. O, Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Fondunun layihələrindən danışaraq, Lahıc misgərlik və milli xalça sənətinin YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edildiyini bildirib.

Festivalın rəsmi açılışından sonra iştirakçılar milli stendlərlə tanış olublar.

Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi "Азербайджан жемчужина Кафказа" milli stendi münsiflər heyətinin və iştirakçıların böyük marağına səbəb olub və festivalda "Ən yaxşı milli stend" adına layiq görülüb.

Milli stenddə Azərbaycan xalçaları - Qarabağ, Naxçıvan, Şirvan qrupu, milli geyimlərimiz - Qarabağ xanımlarının şənlik, ziyafət geyimləri, zadəgan xanımların libasları, misdən hazırlanmış məişət qabları (su satılları, səhənglər, qazanlar və digər əşyalar), milli musiqi alətlərimiz (tar, kamança, saz, nağara, tütək və digər alətlər) nümayiş etdirilib.

Stendlə tanış olanlar ölkəmizin zəngin tarixi haqqında məlumatlandırılıb, İpək Yolunun üzərində yerləşən Azərbaycanda ipəkçiliyin, toxuculuğun, sənətkarlığın zəngin ənənələrə malik olduğu vurğulanıb.

Qeyd edək ki, festival çərçivəsində İtaliya, Yaponiya, İran, Slovakiya, Çin, Banqladeş, Vyetnam, Hindistan və başqa ölkələrin milli stendləri də təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə