Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 31 mart-Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə teatrın uşaq və yeniyetmələrlə iş aparan təşkilatçı-pedaqoq, əməkdar artist Ötkəm İsgəndərov soyqırımı haqqında danışaraq bildirib ki, 1918-ci ilin mart- iyul aylarında erməni quldur dəstələrinin Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı törətdiyi məqsədyönlü şəkildə həyata keçirdiyi soyqırımlar nəticəsində beş ay ərzində Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında 50 mindən çox soydaşımız böyük qəddarlıqla erməni faşizminin qurbanı olub, yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan olunub və evindən-obasından didərgin düşüb.
Ö.İsgəndərovun sözlərinə görə, 31 mart 1918-ci il soyqırımına siyasi qiymət ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı ilə verilib. Hər il Azərbaycanın müxtəlif bölgələrində, idarə, təşkilat və müəssisələrində 31 mart-Azərbaycanlıların soyqırımı ilə bağlı tədbirlər keçirilməkdə və soyqırımı qurbanları anılmaqdadır.
Soyqırımında qətlə yetirilmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra gənc yazar Sevinc Elsevərin "Ürəyində arzu tut" pyesi əsasında hazırlanmış "Arzu və Murad" tamaşası nümayiş etdirilib. Səhnə əsərinin quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri, teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Qeyd edək ki, yeni səhnə əsərində əsas obrazları əməkdar artist Gülər Nəbiyeva, aktyorlar Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyə Əliyeva, Anar Seyfullayev, Eşqin Quliyev, Vüsal Mehrəliyev, Kərəm Hadızadə, Elşən Şıxəliyev, İlham Əsədov ifa ediblər.







Kubra Bayramova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB