Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamına əsasən, fəxri adlara layiq görülən bir qrup mədəniyyət və incəsənət xadimləri orden və medallarla təltif olunub. SİA-nın verdiyi xəbərə görə, təltifetmə mərasimində Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, mükafat sahibləri, hökumət və KİV nümayəndələri iştirak edib.
Tədbirin açılışını edən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev qonaqları salamlayıb: "Hörmətli qonaqlar! Bu gün biz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən, fəxri adlarla təltif olunan mədəniyyət və incəsənət xadimlərinin mükafatlarının təqdimetmə mərasiminə yığışmışıq. Cənab Prezident hər il incəsənət xadimlərini təltif etməklə onları gələcək fəaliyyətlərində həvəsləndirir. Bu, dövlətin onlara olan hörmətindən əlavə, həm də sanki bir avansdır.
Yaradıcılıqda məhdudiyyət yoxdur. Hər bir vətəndaş kimi, incəsənət xadimləri də Azərbaycanı zirvəyə ucaltmaq üçün çalışmalıdır. Onların fəaliyyəti ölkəmizin dünyada təbliği və təmsilində aparıcı amillərdən biridir.
Ölkə başçımızın Mədəniyyət və Turizm Nazirliyinin 10 illiyi münasibəti ilə imzaladığı sərəncam da təqdirəlayiqdir. Sərəncama əsasən, təltif olunanlar arasında nazirliyin nümayəndələri də yer alıb. Bu, çox sevindirici haldır".
Daha sonra Əbülfəs Qarayev fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə orden və medallarını təqdim edib.
Tədbirdə Eldar Tofiq oğlu Quliyev "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu", Sevda Yusuf qızı Məmmədəliyeva 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, Cəfərova Könül Elxan qızı, Haşımov Emin Mirhaşım oğlu, Hüseynova Azada Cəlil qızı, Abbasov Qabil Əfqan oğluna "Tərəqqi" medalı, Hacıyev Əbülfət Mustafa oğlu, Mədətov İmran Abiboviç, Məmmədova Leyla Mir İsmət qızı, Novruzova Vəfa Məmməd Kamal qızı "Dövlət qulluğunda fərqlənməyə görə" medalı, Abasəliyev Ağa Cəbrayıl Ağasaleh oğlu, Kərimov Fəxrəddin Nuri oğlu "Xalq artisti", İbadullayev Əli Əziz oğlu, Yunusov Qəyyur Habil oğlu "Xalq rəssamı", Bunyatova Tamilla Faiq qızı, Camalzadə Vüqar Vaqif oğlu, Cəfərov Əlvida Məhərrəm oğlu, Eyyubov Musa Eyyub oğlu, Əliyev Sərvər Bəhlul oğlu, Həşimzadə Xanlar Allahverdi oğlu, İbrahimova Nigar Rəfael qızı, İsmayılov Salamulla Xeyrulla oğlu, Nəcəfova Röyalə Yaqub qızı, Nəcəfova Zemfira Musabala qızı, Yaqubov Şıxı Miriş oğluna "Əməkdar artist", Cəmilov Adil Savalan oğlu, İbrahimova Solmaz Mirzə qızı, Zeynalov Qulu Ağsəs oğlu "Əməkdar jurnalist" fəxri adlarının medalı ilə təltif olunub.
Qeyd edək ki, sonda Əbülfəs Qarayev fəxri adlara layiq görülən bütün mədəniyyət və incəsənət xadimlərini təbrik edib və onlara gələcək işlərində uğurlar arzulayıb.
Kubra Bayramova






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB