Musiqili Teatrda “Silva”

Azərbaycan Dövlət Musiqili Teatrında yeni tamaşanın məşqlərinə start veriləcək. Teatrın mətbuat xidmətindən SİA-ya bildirilib ki, söhbət İmre Kalmanın "Silva" operettasından gedir. Yanvarın 15-dən etibarən olacaq tamaşada dünyaca məşhur olan bu əsərin süjet xəttini saf, təmiz sevgi təşkil edir. Kabaredə müğənni işləyən Silva Varesku ilə knyaz oğlu Edvin Vedlersxeym arasında yaşanan böyük sevgi ətrafdakılar, xüsusi ilə də Edvinin ailəsi tərəfindən birmənalı qarşılanmır. Valideynləri Silva ilə evlənməyə hazırlaşan Edvini başqası ilə nişanlamağa qərar verirlər. Bu qərardan sonra dinamik, gözlənilməz situasiyalarla zəngin olan operettada yeni mərhələ - iki gəncin öz sevgisi uğrunda mübarizəsi başlayır. Məhz bu mübarizə nəticəsində sonda bir çox qaranlıq mətləblərə aydınlıq gəlir.

Qeyd edək ki, Musiqili Teatrın rus bölməsi tərəfindən hazırlanacaq yeni tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Boris Lukinski, dirijoru Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyovdur.

Tamaşada rolları xalq artisti Hüseyn-Səfa Mirzəhəsənov, əməkdar artistlər Nərgiz Kərimova, Boris Qrafkin, Səidə Şərifəliyeva, Svetlana Bulax, aktyorlar Tural Ağasıyev, Yuliya Heydərova, Firuz Məmmədov, Aydan Həsənova və digərləri ifa edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə